Baş prokuror enerji sisteminin sıradan çıxmasının səbəblərini açıqlayıb

İlkin məlumatlara görə, Mingəçevir İES-də baş vermiş qəza generatorlarda qazın soyudulması üzrə layihə tələblərinin pozulması səbəbindən baş verib. Normativ tələblərə əsasən suyun temperaturu 12 dərəcə olmalıydı, ancaq 28,5 dərəcə olub. Bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən gün prezident İlham Əliyevin sədrliyilə keçirilən müşavirədə bildirib.

Z.Qaralov qeyd edib ki, prokurorluq “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “səhlənkarlıq” maddələri üzrə cinayət işini araşdırır. İstintaq-əməliyyat qrupu yaradılıb. Qrup hadisə yerinə baxış keçirib, lazımi sənədləri götürüb.

Bundan əlavə, Azərbaycan İES-in texniki istismarı qaydaları pozulub.

Belə ki, son üç ildə FHN “Azərenerji” ASC rəhbərinə və onun baş mühəndisinə yağ sızması, termoizolyasiya kabellərinin olmaması və digər nöqsanlarla bağlı stansiyada problemin olmasına dair 6 yazılı müraciət göndərib.

Bununla yanaşı stansiyada avtomatik yanğın xəbərdarlığı sistemi qurulmayıb.

Altı mazut çənində suyun soyudulması sistemi quraşdırılmayıb.

Mütəxəssislərin fikrincə, “Azərenerji” ölkəni rele müdafiə sistemi ilə sonadək təmin etməyib.

İyulun 3-də öncə gecə, sonra isə axşam Mingəçevir İES-də qəza baş verib. Nəticədə Azərbaycanın 39 şəhər və rayonunda elektrik enerjisi kəsilib, su təchizatında problemlər yaranıb. İyulun 3-də axşam Bakı metrosunda qatarların hərəkəti dayandırılıb.

Turan İnformasiya Agentliyi