Bakıda evlərə “kupça”lar verilib

Sentyabrın 21-i Bakının Yasamal rayonunda, Dadaş Bünyadzadə, 4-də yerləşən çoxmərtəbəli binada “Kütləvi çıxarış” kampaniyası keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmiləri 57 mənzilli binanın həyətində 30 vətəndaşa əmlak çıxarışları təqdim edib. Binanın digər 20 sakinindən ilkin hüquq müəyyənedici sənədlər toplanıb, mobil ofislərə müraciət edənlərə hüquqi məsləhətlər verilib. Yanaşı binaların sakinləri də göstərilən xidmətlərdən yararlanıblar.

Rəsmi məlumata görə, 2018-ci ildə 15-dən çox “Kütləvi çıxarış” kampaniyası baş tutub: “Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” aksiyası da davam edir. Kampaniya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri səyyar formada həyata keçirir. Bu aksiya hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə reallaşır”.