Avropa Məhkəməsi İntiqam Əliyevlə bağlı qərar verib

Sentyabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqçu İntiqam Əliyevin işi üzrə qərarını elan edib.

Bu barədə vəkil Fariz Namazlı “Facebook”-da öz səhifəsində yazıb.

Vəkil qeyd edib ki, məhkəmə İnsan Hüquqları Konvensiyasının 3 (9-12 avqust 2014-də saxlanma şəraiti), 5.1, 5.4 (azadlıq hüququ), 8 (şəxsi həyata müdaxilə), 18 (hüquq pozuntusunun siyasi məqsədlər üçün həyata keçirilməsi) maddələrinin pozuntusunu tanıyıb.

Onun sözlərinə görə, Avropa Məhkəməsi mənəvi zərərə görə 20 min avro, məhkəmə məsrəflərinə görə 6 min 150 avro kompensasiya müəyyən edib.

İ.Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. O, 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla üzləşən hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı.
O, ittihamları rədd edirdi və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə görə cəzalandırıldığını bildirirdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus, Amnesty International isə vicdan məhbusu kimi tanımışdı.

2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kasasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxıb. Martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verilib.

Benefisiar.org