Avropa Məhkəməsi jurnalistlə bağlı hökumətə suallar göndərib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayətini araşdırmağa başlayıb. Məhkəmə Azərbaycan hökumətinə işlə bağlı suallar göndərib.

Həmin işlə, eləcə də kommunikasıyasına başlanılmış Azərbaycana aid daha 5 şikayətlə bağlı AİHM-in məlumatında bildirilir.

Hilal Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavəti qızışdırmaqda ittiham olunub. 2017-ci il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan redaktor barəsində çıxarılmış bütün qərarların qanunsuz olduğunu, peşə fəaliyyətinə, ictimai fəallığına görə, həbs olunduğunu iddia edir.

Həbsdəki OMON-çunun bacısının şikayəti də araşdırılır

AİHM-in araşdırmağa başladığı digər şikayəti Xüsusi Təyinatlı Polis Dəstəsinin – keçmişdə OMON kimi tanınan qurumun Qazax bölməsinin həbsdə olan keçmiş komandiri Elçin Əmiraslanovun bacısı Şəhla Abbasəliyeva göndərib.

Şikayətə görə, bəzi yerli media onu qardaşı ilə bağlı “dövlətin düşməni” adlandırıb. Abbasəliyeva həmçinin, qardaşına görə, iş yerindən də məhrum olduğunu bildirir.

O yerli məhkəmələr onun şikayətlərini təmin etmədiyindən AİHM-ə üz tutub. Şəhla Abbasəliyeva iddia edir ki, onun Avropa Konvensiyasının 8-ci (şəxsi həyatın toxunulmazlığı)və 14-cü (Ayrı-seçkiliyin yolverilməzliyi) maddələri ilə qorunan hüquqları pozulub.

Daha 4 şikayət…

AİHM həmçinin, Azərbaycandan göndərilən daha 4 şikayətlə bağlı da hökumətə suallar göndərib.

Həmin şikayətlər özəl universitetin təhsil haqqında diplomunun təsdiq edilməməsi, mənzildə axtarış aparılması, yaşayış icazəsinin verilməməsi ilə bağlıdır.

Daha bir işdə isə məhkuma aid kitabların və onun həbsxanadan mediaya göndərdiyi məktubların saxlanılmasından şikayət edilib.

Sualların detalları açıqlanmır. (Azadlıq Radiosu)