Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə başlayıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən ASAN Radioya bildirilib ki, layihə çərçivəsində oktyabrın 12-də Bakının Nəsimi rayonunda yerləşən 8 saylı orta məktəbin şagirdləri ilə görüş keçirilib.
Tədbirdə məktəblilərə agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub.
Daha sonra agentlik əməkdaşları tərəfindən təqdim olunan “16 oktyabr – Ümumdünya Qida Günü” ilə əlaqədar təqdimatlar və “Mən qidayam” adlı videoçarx şagirdlərə nümayiş etdirilib.
Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast Food qidaların ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.
Cari ilin sonunadək layihənin Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.
Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.