Vətəndaşın ölkədən getmək hüququ hansı hallarda məhdudlaşdırıla bilər?

Öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

Bəs hansı hallarda vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər?

Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinə əsasən həmin hallar aşağıdakılardır:

  • Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq şəxs tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
  • Şəxs məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək (şəxsin şərti məhkum edildiyi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi hal istisna olmaqla) – cəzadan azad edilənədək;
  • Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
  • Üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
  • Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;
  • Şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
  • Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlarıəsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyənləşdirilmiş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
  • vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
  • beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək. 
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
  • Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir.
  • Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Məlumatlar: Borclunun və ya  azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunmuş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya bu məhdudlaşdırmanın götürülməsi barədə məlumatlar “Elektron Hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq elektron xidmətlər portalında yerləşdirilir.

Nəzarət: Borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi qaydalarına düzgün əməl olunmasına nəzarət müvafiq olaraq icra və ya probasiya qurumunun rəhbəri, İcra baş idarəsinin və ya Probasiya xidmətinin rəisi və səlahiyyətləri daxilində Cəzaların icrasına nəzarət üzrə müfəttişlik tərəfindən həyata keçirilir.

Qeyd: Vətəndaş ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumatı həm Dövlət Vergi Xidmətinin (https://www.taxes.gov.az), həm də Ədliyyə Nazirliyinin saytına (https://www.justice.gov.az/) daxil olub, müvafiq pəncərəni seçməklə öyrənə bilər.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 1121