Gəncə sakini: Kəsdikləri ağacların yerinə mənə ağac əkdirmək istəyirlər

Ekologiya idarəsi: “Kəsilmiş ağacın yerinə özümüz ağac əkmişik”

“İki il əvvəl iki ağacın kəsilməsi üçün yerli ekologiya idarəsinə müraciət etmişəm. Davamlı müraciətlərimdən sonra hər iki ağac kəsilsə də, heç birinin yerində yeniləri əkilməyib. İki illik tələblərimdən sonra indi də deyirlər ki, ağacları sənin şikayətinə görə kəsmişik, özün də yerlərində ağac əkməlisən. Əks halda, hər iki ağaca görə cərimə ödəməlisən”.

Gəncə sakini Kamil Qasımov deyir, dilinin bəlasına düşüb. İki il əvvəl yerli ekologiya idarəsi onun tələbi ilə insan həyatı üçün təhlükə yaradan, ayrı-ayrı ünvanlardakı iki ağacı kəsib. İndi sakindən həmin ağacların yerində yenilərini əkmək tələb olunur. Əgər tələb yerinə yetirilməsə, vətəndaş cərimələnəcək:

“7 ay Ekologiya İdarəsinə gedib gəldim”

“Ağaclardan biri bizim küçədə, digəri işlədiyim mağazanın yaxınlığında, düz dayanacağın böyründə idi. Ərizə yazdım ki, bir-iki dəfə möhkəm külək əssə, bu ağaclar adamların üzərinə aşacaq, faciə baş verəcək. Dedilər, şəkillərini çək gətir, çəkdim, aparıb təqdim etdim. Üstəlik, fotoları təqdim edərkən, hər ağaca görə məndən 5 manat pul da aldılar. 1 aydan sonra cavab gəldi ki, bəli, ağaclar təhlükə yarada bilər, mütləq kəsilməli, yerində başqası əkilməlidir. O iki ağacı kəsdirmək üçün düz 7 ay ekologiya idarəsinə ayaq döydüm. Nəhayət, hər iki ağac kəsildi. Ancaq sonra da yerlərində yenilərinin əkilməsi üçün uzun müddətli müraciətlərim cavabsız qaldı”.

Kamil Qasımovun sözlərinə görə, bu yaxınlarda yerli ekologiya idarəsindən ona bildirilib ki, onun şikayəti əsasında kəsilmiş ağacların yerində özü ağac əkməlidir, əks halda, hər ağaca görə cərimə olunacaq.

“Ağacı vətəndaş əkəcəksə, büdcədən niyə pul ayrılır?”

“Əgər küçədə kəsilmiş təhlükəli ağacın yerinə vətəndaş ağac əkəcəksə, dövlət büdcəsindən yaşıllaşdırmaya niyə külli miqdarda vəsait ayrılır? O pullar hara gedir? Bu işlə məşğul olmalı qurumun ağac bazası olmalıdır, ağaca görə pulları silib, sonra da vətəndaşdan ağac əkməyi tələb etmək nə deməkdir?”- şikayətçi deyir.

Hələ iki il əvvəl – 2016-cı ildə 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə məktub göndərib ki, Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsi, 49 ünvanda qəzalı vəziyyətdə olan ağaca müvafiq rəy bildirilsin. Ekspertiza İdarəsi də cavab məktubunda qeyd edib ki, qurumuş Kanada qovağının götürülüb, yerində həmişəyaşıl cinsə aid yeni ağaclarla əvəzlənməsinə etiraz etmir. Götürülən ağacın yerində yeni ağacıq əkilməsi mütləqdir. Sakinlər deyir, iki il keçməsinə baxmayaraq, qovaq ağacının yeri hələ də boş qalıb. Eyni vəziyyət ikinci ağacın kəsildiyi digər küçədə də davam edir.

“Ağacları özümüz əkmişik”

Gəncə şəhər Ekologiya İdarəsi şikayəti əsassız hesab edir. İdarədən bildirilib ki, sakinlərin şikayətləri əsasında kəsilmiş ağacların yerinə bu günlərdə yeni ağaclar əkilib. Vətəndaşdan ağac əkilməsi, yaxud, kəsilən ağaclara görə cərimə tələb olunması həqiqətəuyğun deyil. Bu işlər dövlət hesabına həyata keçirilir.

Kamil Qasımov deyir, məsələni mətbuata şikayət etdiyini bildirdikdən sonra kəsilmiş ağacların yerində tələsik yeniləri əkilib.

Elə hüquqşünas Vaqif Alıyev da bu işlərin qanunla dövlət hesabına həyata keçirildiyini deyir: ““Yaşıllıqların Mühafizəsi Haqqında” Qanunun 9-cu maddəsinin (Yaşıllıqların götürülməsi) 9.1.2-ci bəndinə görə, qurumuş, qəzalı, ətrafdakılar üçün təhlükəli olan ağaclar kəsilməli, əvəzində yeniləri əkilməlidir: Bu iş vətəndaşın yox, dövlət hesabına həyata keçirilir”.

“Bu işi yerli icra hakimiyyətləri görməlidir”

Hüquqşünas yaşıllığın götürülməsi ilə bağlı qaydalardakı dəyişikliklərdən də danışır: “Ətrafda təhlükəli olan ağacın kəsilməsi və götürülməsi üçün iki il əvvələdək birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunurdu. İki ildir ki, qaydalarda dəyişiklik olub. İndi vətəndaş ilk olaraq torpaq mülkiyyətçisinə, yəni yaşadığı rayonun icra hakimiyyətinə və ya bələdiyyəsinə müraciət etməlidir. Həmin qurumlar da öz növbələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. Nazirliyin mütəxəssisləri əraziyə baxış keçirir və müvafiq rəy verir. İcra Hakimiyyəti və ya bələdiyyə həmin rəyi əsas götürərək qərar qəbul edir, yaşıllığın götürülməsi vərəqi hazırlanır və həmin yaşıllığın götürülməsinə dair növbəti qərar verilir. Bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sənədi əsas götürülür”.

Hüquqşünas deyir, nazirliyin sənədi olsa belə, digər sənədlər — qərar və yaşıllığın götürülməsi haqqında vərəqə olmasa, ağacın götürülməsi qadağandır. Götürülən ağacın yerində yenisinin əkilməsi də yerli icra hakimiyyətinin üzərinə düşür.