Sığorta Bürosu avtobus sahiblərindən nə istəyir?

Nəqliyyat sektorunda mikroavtobus, avtobus və digər sərnişin daşıyıcı avtonəqliyyat vasitələri təklif edən sahibkarlar problemlərlə qarşılaşmamaq üçün öz əmlaklarını elektron qaydada sığortalaya bilərlər.

“Report” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, maliyyə bazarlarının əhəmiyyətli faktorlarından biri kimi, sığorta sektorunda icbari sığorta xidmətlərinin istifadəçilərinin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində son zamanlarda inkişafyönümlü tendensiya müşahidə olunur ki, bunun əsasında bir sıra sığorta sahələrində konkret irəliləyişlər, müsbət meyillər qeydə alınıb. Belə ki, icbari sığorta qeydiyyatı vahid sistem altında mərkəzləşdirilib, fərdi qəza hallarından icbari sığorta istiqamətində bir sıra dövlət və özəl qurumları ilə əməkdaşlıq çərçivəsində memorandum imzalanıb.

Bu müsbət dəyişikliklərə baxmayaraq, sektorda bəzi narazılıq doğuran hallara da rast gəlinir. Hazırda gündəmdə olan məsələlərdən biri nəqliyyat vasitələri kimi avtobus və mikroavtobusların icbari sığortalanması məsələsidir. Sığortaçıların icbari sığorta məqsədilə müraciət edən şəxsə imtina etməsi “İcbari sığortalar haqqında” qanuna zidd haldır. Bu kimi halların aradan qaldırılması məqsədilə hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu konkret tədbirlər görür.

Nəqliyyat sektorunda mikroavtobus, avtobus və digər sərnişin daşıyıcı avtonəqliyyat vasitələri təklif edən sahibkarlar bu problemlərlə qarşılaşmamaq üçün öz əmlaklarını elektron qaydada sığortalamaq imkanına malikdirlər. Belə ki, sahibkar sığorta şirkətinə və ya sığorta vasitəçilərinə müraciət etmədən istənilən sığorta şirkətinin internet səhifəsi üzərindən müvafiq məlumatları daxil etməklə öz əmlakını elektron qaydada icbari sığortalaya və icbari sığorta nömrəsi əldə edə bilər.