Avropa Məhkəməsinə göndərilən şikayətlər ünvana çatmayıb

Əfqan Muxtarlının və Nemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər ünvana çatmayıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Məktublar bir aydan çoxdur Mərkəzi Poçt vasitəsilə göndərilib və heç bir əsas olmadan Azərpoçt-un PDM-də (anbarda) saxlanılır. “Bununla Azərbaycan höküməti şikayətlərin Avropa Məhkəməsinə göndərilməsinin qarşısını almaq istəyir. Bu hərəkət Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsini pozur”.

Vəkil əlavə edib ki, bununla bağlı Azərpoçt MMC-yə rəsmi şikayət ünvanlayıb.

Azərpoçt MMC-də məktubların izlənmə kodlarını yoxlayaraq, “Azadlıq Radiosu”na bildiriblər ki, təqdim edilmiş izlənmə kodları üzrə axtarış sistemində məktublar tapılmayıb.

“Vətəndaş məktubları göndərdiyi poçt şöbəsinə yaxınlaşaraq, məktubların yerini öyrənmək üçün sorğu göndərsin. Bunun araşdırılması ancaq göndəriş olan poçt vasitəsilə olur. Sorğu göndəriləcək və onun əsasında araşdırma aparılacaq”.

Xatırladaq ki, Əfqan Muxtarlı 2017-ci il mayın 25-də Tiflisdən Bakıya gətirilib. Rəsmi orqanlar isə iddia edirlər ki, Muxtarlı ölkəyə qanunsuz keçmək istəyərkən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçilər Ə.Muxtarlını siyasi məhbus elan ediblər.

Nemət Pənahlı 2018-ci il oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə inzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) maddəsilə 30 sutka həbsə məhkum edilib. Pənahlı isə ittihamları qəbul etməyib və müsahibəyə görə tutulduğunu deyib.

Turan İnformasiya Agentliyi