İnzibati tənbehin növləri və məqsədləri

İnzibati tənbeh inzibati xəta törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (bundan sonra, AR İXM )  nəzərdə tutulan inzibati məsuliyyət, məcburetmə tədbirləridir.

İnzibati xəta törətməyə görə bir sıra inzibati tənbeh növləri tətbiq olunur:

  1. xəbərdarlıq
  2. ictimai işlər
  3. inzibati cərimə
  4. inzibati həbs
  5. Azərbaycan Respublikasə sərhədlərindən inzibati qaydada kənara çıxarma
  6. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması ( hakim və ya Miqrasiya Xidməti tərəfindən tətbiq edilir.)
  7. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi (məsələn, şəxs qanunsuz ov edərkən onun silahı ödənişsiz və məcburi qaydada dövlət tərəfindən müsadirə olunur.)

Hüquqi şəxslər barəsində inzibati tənbehin bu növləri tətbiq olunur: xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi.

İnzibati tənbehin məqsədləri:

  1. İnzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək
  2. İnzibati xəta törədmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq
  3. başqa şəxslərin inzibati xəta törətməsinin qarşısını almaq

İnzibati tənbeh tədbirlərindən biri kimi nəzərdə tutulan ictimai işlər şəxsin əsas işindən, təhsilindən asudə qalan vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlərin görülməsindən ibarətdir. İctimai işlər 60 saatdan 240 saatadək müddətə təyin edilir və gün ərzində 4 saat limitini keçməməlidir. İcttimai işlər insanların görə biləcəyi vaxt və yer çərçivəsində həyata keçirilməlidir.

İctimai işlər müəyyən qrup şəxslərə tətbiq oluna bilməz:

  1. hamilə qadınlara
  2. himayəsində 8 yaşınadək uşağı olan qadınlara
  3. pensiya yaşına çatmış qadın və kişilərə
  4. səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə
  5. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara
  6. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlə təhsil müəssisələrinin kursantlarına

AR İXM-ə görə şəxs 2 halda inzibati məsuliyyətdən azad olur

  1. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə
  2. Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmə

AR İXM-in 40-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli orqanlar aşağıdakılardır:

  1. rayon (şəhər) məhkəmələri
  2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
  3. AR mərkəzi və yerli icra hakimiyyət orqanları
  4. AR Mərkəzi Bankı
  5. AR Maliyyə Bazarlarına Nəzarət Palatası

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

 

Oxunub: 2446

Əvvəlki məqaləBu şəxslərin təqaüdləri artırıldı
Növbəti məqaləBu şəxslərin maaşı artırılacaq