Vətəndaş cəmiyyətinə imkanların yaradılması haqda təlim keçirilib

Dekabrın 10-da Bakıda jurnalistlər üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təşviq Edilməsində Medianın Rolunun Artırılması” mövzusunda birgünlük təlim keçirilib. Təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı ​çərçivəsində təşkil edilib.
Təlimə xəbər saytlarından 10 jurnalist qatılıb.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Baş Məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə məlumat verib, təlimin məqsədi və gözləntilər barədə danışıb, seçilmiş jurnalistlərlə çox maraqlı təlim və müzakirələrin keçəcəyinə inamını bildirib. Tədbirdə ekspert qismində iqtisadçılar Azər Mehdiyev, Samir Əliyev və BDU-nun müəllimi Gülnaz Ələsgərova çıxış ediblər.