Ünvanlı dövlət sosial yardımın təyinatı ilə bağlı vacib məqamlar 

Ünvanlı dövlət  sosial yardım orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilən yardımdır.  Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Ünvanlı  sosial yardıma müraciət  etmək üçün hansı şərtlər vardır? 

1.Ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə bütün əmək qabiliyyətli şəxslərin rəsmi gəlir yeri olmalıdır.  Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması kimi əsaslar mövcud olduqda şəxsdən rəsmi gəlir tələb olunmur.

  1. Ünvanlı dövlət  sosial yardıma müraciət edən ailənin  orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. 2022-ci il üçün ehtiyac meyarının məbləği 200 manat müəyyən edilib. 

3.Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmamalıdır;

  1. Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olmamalıdır.
  2. Ailə üzvlərinin adına olan telefon nömrələri dəqiq qeyd olunmalıdır.
  3. Ailə üzvünün adına torpaq sahəsi olduğu halda həmin torpaq sahəsinə dair dövlət aktı və ya çıxarış, habelə SUN (sığortaedənin uçot nömrəsi) olmalıdır.
  4. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizindən aşağı olmalıdır. 

Ünvanlı sosial yardıma müraciət etmək üçün hansı sənədlər lazımdır?

Ünvanlı dövlət  sosial yardıma müraciət etmək üçün lazım olan ilkin sənədlər aşağıdakılardır:

  1. Ailə üzvləriniz şəxsiyyət vəsiqəsi
  2. Ailə tərkibi haqqında arayış
  3. Təmsilçilik ərizəsi 

Ailə tərkibi haqqında arayışı ASAN xidmət mərkəzlərindən və ya yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinindən ala bilərsiniz. Arayışı aldıqdan sonra təmsilçilik ərizəsini  almaq üçün  ASAN xidmət mərkəzlərində notariusa, yaxud da  istənilən notarius qurumuna müraciət oluna bilər.

Ünvanlı dövlət sosial yardıma müraciət etdikdən sonra neçə gün müddətində cavab gələ bilər?

Sosial yardımın alınması üçün müraciətlər Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin  ünvanlı sosial yardım üzrə işçisinə ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir.

VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 15 iş günü müddətində məlumat verməlidir.

Hansı  hallarda  imtina verilə bilər?

  1. Ailənin gəlirlərinin düzgün bəyan edilməməsi;
  2. Ailə tərkibinin düzgün göstərilməməsi;
  3. Elektron  müraciət zamanı qeyd edilmiş məlumatlarda digər uyğunsuzluqlar aşkar olunduqda;
  4. 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusuna  bərabər və ya ondan yuxarı olduqda;
  5. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
  6. Ailənin əmək qabiliyyətli üzvü muzdlu işlə məşğul olmadıqda(rəsmi  əmək haqqısı olmadıqda), habelə ailə üzvü pensiya, müavinət, təqaüd və ya digər rəsmi ödəniş almadıqda;
  7. Ailənin kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olduqda;
  8. Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Şəxsin adında pay torpağının olması istifadə olunmadığı halda imtinanın verilməsinə səbəb ola bilər. Ona görə əgər şəxsin adına pay torpağı varsa və həmin torpaqdan  istifadə edirsə,  bu onun üçün rəsmi gəlir yeri kimi hesabalanacaq. İstifadə olunmayan pay torpağı isə imtinaya səbəb olmaması üçün şəxsin adından çıxarılmalıdır.

Eyni zamanda şəxsin adına VÖEN varsa, bu da mütləq qeyd edilməlidir.  Şəxsin kredit öhdəliyinin olması onun ünvanlı sosial yardım almasına mane olmur.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

 

Oxunub: 6037

Əvvəlki məqaləQanunsuz heyvan ovuna görə cərimələr 10 dəfə artırılır
Növbəti məqaləDYP sürücü və sərnişinlərə xəbərdarlıq etdi