İxtisaslaşmış məhkəmələrin yaradılması niyə ləngiyir?

Vahid Əhmədov: “Məhkəmə-hüquq sistemindəki mövcud ciddi problemlər ölkə əhalisini çox narahat edir”

“Bu qanun layihəsi kommersiya çəkişmələrinə baxacaq əlavə 200 hakimin təyinatının təsdiq edilməsini də nəzərdə tutur”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili məhkəmə-hüquq sistemində islahatlaların ləng şəkildə həyata keçirildiyinə diqqət çəkib:
“Təəssüf ki, Azərbaycanda məhkəmə-hüquq sistemi islahatları çox yavaş gedir. Ən ciddi məsələ kadr islahatları ilə bağlıdır, çünki məhkəmə fəaliyyəti ilə məşğul olan kadrlar müvafiq bilik və bacarığa sahib olmalıdırlar. Məhkəmə-hüquq sistemindəki mövcud ciddi problemlər ölkə əhalisini çox narahat edir”.

V.Əhmədov qeyd edib ki, deputatların məhkəmə-hüquq sistemində aparılan islahatlardan böyük gözləntiləri var:

“Bu sahəyə diqqətin gücləndirilməsini zəruri hesab edirəm. Ölkə əhalisi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsini müsbət qəbul edəcək, islahatlar sahibkarların məhkəmələrə müraciəti üçün şəraiti yüngülləşdirəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.

Dövlət başçısı aprelin 3-də “Mediasiya haqqında” qanunu da təsdiqləyib. Qanun vasitəçinin iştirakı ilə mübahisələrin nizamlanmasının alternativ prosedurlarını tənzimləyir.