Cinayət Məcəlləsinə edilən dəyişikliklər nədən ibarətdir?

Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklər dekabrın 1-də qüvvəyə minib. Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklər nədən ibarətdir?  Bu suala cavab olaraq aşağıdakı mətndə dəyişiklik edilən maddələrin bir qismi barədə məlumat əldə edə bilərsiniz:

İlk dəyişiklik 16.3-cü maddə ilə bağlıdır. Belə ki, əvvəl qüvvədə olan Cinayət Məcəlləsində 16.3-cü maddəyə əsasən əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmirdi.

Dəyişikliyə əsasən isə 16.3-cü maddəyə aşağıdakı redaksiyada düzəliş edilib:

“16.3. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir”.

Göründüyü kimi yeni redaksiyada “əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş” və “bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi” sözləri əlavə edilib. Bu dəyişikliyin edilməsində qanunvericinin məqsədi residiv və cinayətlərin təkrar törədilməsini fərqləndirə bilməkdir.

Digər bir dəyişiklik 18.4-cü maddə yəni residiv cinayətlərin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, 18.4. və 18.4.2-ci maddələrdə “cinayətlərə görə məhkumluqlar” sözləri “cinayətlər”sözü ilə dəyişdirilib. Daha sonra isə 18.4.4-cü maddə də əlavə edilib. Dəyişikliyə aşağıdakı qaydada nəzər salaq:

18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 

18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 

18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər;

18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar;

18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.

 

Benefisiar.org