Boşanma zamanı tərəflər arasında ən mübahisəli məsələlərdən biri aliment öhdəliyidir. Ailə Məcəlləsinə əsasən, uşaqlar valideynləri tərəfindən saxlanılmağa borcludur.
Əgər aliment ödəməli olan tərəf alimenti könüllü ödəmək istəyərsə, bu zaman valideynlər aliment ödənilməsi barədə müqavilə imzalaya və həmin müqavilədə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər.
Aliment ödənilməsi barədə valideynlər arasında müqavilə olmadıqda isə, məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə uşaqlar üçün onların valideynlərindən hər ay 1 uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə qazancın üçdə bir hissəsi, 3 və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur.
Nümunə olaraq, A ilə B 2019-cu ilin yanvarında boşanıblar, 3 uşaqları var. A alimenti ödəməli olan, B isə aliment alan tərəfdir. A dövlət orqanlarının birində işləyir və aylıq maaşı 400 manatdır. Qeyd etdiyimiz qaydaya əsasən, A-ya 3 uşağa görə aylıq 200 manat məbləğində aliment müəyyən olunmalıdır. Bu məbləğ azaldıla və artırıla bilər.
Bəs aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa nə etməlidir?
Hər bir halda aliment ödənilməlidir. Bu halda məhkəmə borclu şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin ödənilməsi barədə məhkəmə qərarını icra etməməyə görə borclu şəxsə pul cəzası, ictimai işlərə cəlb etmə, ən ağır halda isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır, bu gün bu məbləğ 160 manatdır.
Benefisiar.org