Uşaq xaricə gedərkən valideynlərin razılığı

Tərəflər boşandıqdan sonra mübahisə yaradan məsələlərdən biri bir-birini incitmək məqsədilə uşaq xaricə aparılarkən razılıq verməməsidir. Bəs belə hallar Qanunla necə tənzimlənir?

“Uşaq” dedikdə, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər hesab olunur. Öz vətəndaşı olan uşağı qanunsuz olaraq ölkə xaricinə aparlmasında dövlətlər üzərilərinə götürdükləri beynəlxalq öhdəlikləri nəzərə alaraq uşağın mənafeyinin qorunmasında maraqlıdırlar.

Uşaq ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Əgər uşaq valideynlərindən biri ilə ölkədən getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Uşaq ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Əgər həmin şəxslərdən birinin razılığı olmadıqda, ölkədən getmək məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Aşağıdakı hallarda uşağın ölkə xaricinə getməsi üçün digər valideynin razılığı tələb olunmur:

– valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi olduqda;

– valideynlərindən birinin ölmüş və ya itkin düşmüş elan edilməsi;

– valideynlərindən birinin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda.

Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşı ölkədən gedə bilər.

Azərbaycan Respublikasının vətəndaşı olan uşaq, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüşdürsə, yalnız övladlığa götürülmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

Uşaq ölkədən gedərkən onun həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət valideynlərinin, övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.

Uşaq ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.

Sevinc Əbdülrəhmanlı – hüquqşünas, Benefisiar.org

Əvvəlki məqalə“İşsizin dostu” proqramına kimlər cəlb olunur?
Növbəti məqaləMüəllimlər və məktəb direktorları xəbərdarlıq edildi