Meşələrdə yanğın təhlükəsizliyi necə təmin edilməlidir?

Son zamanlar ən aktual məsələlərdən biri də meşə yanğınlardır. Meşə yanğınları ən geniş yayılmış yanğın növüdür.

Meşə yanğınları – əsasən kortəbii hadisələrlə yayılan yanğına deyilir.
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydaları “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb.

Meşələrdə və meşə zolaqlarında yerləşən təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq ictimai iaşə müəssisələrinə, məişət xidmətlərinə, sağlamlıq ocaqlarına və digər obyektlərə bu qaydalarla yanaşı, həmin obyektlər üçün onların spesifik xüsusiyyətlərini nəzərə alan digər yanğın təhlükəsizliyi qaydaları da şamil edilir.

Yanğın təhlükəsizliyinin əsas tələbləri

Meşədə aşağıdakılar qadağan edilir:

• Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi;

• Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması;

• Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin, müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması;

• Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının qalıqlarının atılması və yandırılması.

Yanğından mühafizə

Yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vasitələrin məcmusu yanğından mühafizəni təşkil edir. Dövlət yanğından mühafizə yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aparır.

Yanğın zamanı edilməli olan hərəkətlər

Yanğın aşkar edilən zaman aşağıdakılar tələb olunur:

• Tez bir zamanda yanğından mühafizə orqanlarına xəbər vermək, habelə yanğının dəqiq yerini və orada insanların olması haqqında məlumat vermək;

• Yanğınsöndürmə xidməti gələnə qədər mövcud vasitələrlə yanğının söndürülməsini təşkil etmək.

Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət

Meşələrdə yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin üzərinə düşür. Həmçinin yerlərdə bu qaydalara əməl olunmamasına görə məsuliyyət Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorlarının və mühəndislərinin üzərinə düşür. Bundan başqa digər nazirliklərin, komitələrin, idarələrin tabeçiliyində olan meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi həmin təşkilatların üzərinə düşür.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsinə əsasən odla, digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini, digər yaşıllıqları məhv etmə, zədələmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə, 1 ilədək müddətə islah işləri, 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 577

Əvvəlki məqaləDYP heyvanlarla bağlı sürücülərə müraciət etdi
Növbəti məqaləSentyabrın 1-dən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı rəsmi açıqlama