Daun sindromlu uşaqların hüquqları

Bu dəfəki yazımızda daun sindromu diaqnozu ilə dünyaya gələn uşaqların və onlara qulluq edən şəxslərin hüquqları haqqında danışacağıq. Dünyada doğulan hər 800-1000 uşaqdan 1-i daun xəstəliyindən əziyyət şəkir. “Günəşin övladları” kimi adlandırılan daun sindromlu uşaqlar 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər hesab edilir. Martın 21-i dünya səviyyəsində Daun sindromu Fərqindəlik Günü kimi qeyd olunur.

Qanunvericilikdə əlilliyi olan uşaq dedikdə müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə barabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştiraka mane olan sabit fiziki, psixi, əqli və ya hisssiyat pozuntuları olan şəxs başa düşülür.

Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilliyi olan şəxsin və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya imkanlarının tamamilə yaxud qismən itirilməsində təzahür edir.

Daun sindromlu uşaqların hüquqlarının təminatı kimi qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulub. Belə şəxslərin tibbi reabilitasiya, peşə-əmək reabilitasiyası, psixoloji-pedoqoji reabilitasiyası, sosial bacarıqlarının inkişafı, inklüziv təhsil və s. kimi hüquqları var.

İnklüziv təhsil – əlilliyi olan şəxslərin təhsil müəssisələrində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə digər şəxslərlə birgə təhsilə cəlb edilməsidir.  Həmçinin belə şəxslərin inteqrasiya (əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştrakına şəraitin yaradılması), bərabərlik (əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması), əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi kimi hüquqları da vardır.

Xüsusi şərait yaradılmadan əlilliyi olan şəxslərin və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın təhsil almasında çətinlik yaranan hallarda onların təhsili dövlət büdcəsinin vəsaiti hesabına evdə təhsil, fərdi təhsil və distant təhsil formasında həyata keçirilir.

Qanunvericilik təkcə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların deyil, onlara qulluq edən şəxslərin də hüquqlarının təmin olunması üçün müəyyən təminatlar nəzərdə tutur. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi də bu təminatlardan biridir.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün 600 manat müavinət verilir.

Bundan başqa ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

Ölkəmizdə daun sindromlu şəxslər üçün “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Burada kompüter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Həmçinin mərkəzdə heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Binanın yeməkxanasında daun sindromluların rahat qidalanması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası tikilibdir.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial ekspert komissiyasında pulsuz müayinə olunmaq hüququ vardır.

Müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların sağlamlıq imkanlarının məhdudluğu və s.) valideyn himayəsindən məhrum olan bu cür uşaqlar dövlət himayəsində yaşayırlar.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.

Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir.

Daun sindromlu əlilliyi olan şəxslər Agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilir. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Benefisiar.org

Oxunub: 132