Hakim şəhid oğlunu aksiyada iştirakına görə qınadı

Hakim Əmir Bayramov: “Atan canını ona görə fəda eləməyib ki, sən gedib kimlərəsə qoşulasan. Qoşulmasan, heç kimin səninlə işi olmaz”

Şəhid oğlu Toğrul Qocayev: “Məni mülkigeyimlilər maşına mindirib aparıblar. Mən heç kimə müqavimət göstərməmişəm”

Qarabağ döyüşlərində həlak olanların ailələrinə 11 min manatlıq birdəfəlik müavinəti tələb edən vərəsə Toğrul Qocayevə verilmiş 30 günlük həbs cəzası 15 günə endirilib. Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramov belə qərar çıxarıb.

Atasının ölümünə görə müavinəti tələb edən T.Qocayev dekabrın 11-də başqa etirazçılarla birlikdə Prezident Administrasiyasının qarşısına gedərkən saxlanıb. O, Səbail Rayon Polis İdarəsinə aparılıb. Polisə müqavimət göstərməkdə təqsirləndirilən T.Qocayev haqqında inzibati xəta protokolu tərtib olunub. Ardınca da Səbail Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası verilib.

«Məni də başa düşün»

Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində çıxış edən T.Qocayev bildirib ki, yalandır, o, kimsəyə müqavimət göstərməyib: «Məni mülkigeyimlilər maşına mindirib aparıblar. Mən heç kimə müqavimət göstərməmişəm».

Hakim Ə.Bayramovun ona iradları olub. Deyib ki, gedib kimlərəsə qoşulub, etiraz aksiyasında iştirak etməsəydi, nəticə də belə olmazdı: «Haqqı tələb eləməyin də qaydası var. Atan canını ona görə fəda eləməyib ki, sən gedib kimlərəsə qoşulasan. Qoşulmasan, heç kimin səninlə işi olmaz. Polisin, məhkəmənin səninlə qərəzi yoxdur ki… Elə bilirsiz biz insan deyilik, biz əziyyət çəkmirik? Aidiyyəti orqana ərizə yazmısan, cavabını gözlə də…».

T.Qocayev cavabında deyib ki, 16 oktyabrda yazdıqları ərizəyə hələ də cavab almayıblar.

Hakim təxminən bir dəqiqəlik müşavirədən sonra qərarı elan edərək bildirib ki, yüngülləşdirici hallar nəzərə alınaraq həbs müddəti 30 gündən 15 günə endirilir.

T.Qocayevin anası Məhəbbət Qocayeva ağlaya-ağlaya hakimə oğlunun himayəsində iki azyaşlı uşağı olduğunu söyləyib, onun azadlığa buraxılmasını xahiş edib. Hakimin cavabı belə olub: «Mənim gücüm ancaq buna çatdı, məni də başa düşün…».

M.Qocayeva məhkəmədən sonra AzadlıqRadiosuna açıqlamasında qərarın qanunsuz və ədalətsiz olduğunu söyləyib: «Onun heç bir günahı yoxdur».

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin önünə toplaşıblar. Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib: «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib…».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, indiyədək 2 min 338 hərbi qulluqçunun 3 min 38 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) həyata keçirilir. Proses davam edir. Nazirlik bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9 min 531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib. (Azadlıq Radiosu)