Azərbaycan və Türkiyə vətəndaşları hər iki ölkəyə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Həmin sənədlər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının diplomatik pasportu;

2. Azərbaycan Respublikasının xidməti pasportu;

3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.

4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);

6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);

7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;

8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi ( Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

“Report”un xəbərinə görə, sənəddə Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Həmin sənədlər aşağıdakılardır:

1. Türkiyə Respublikasının diplomatik pasportu;

2. Türkiyə Respublikasının xüsusi pasportu;

3. Türkiyə Respublikasının xidməti pasportu;

4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Türkiyə Respublikasının Dənizçinin kitabı;

6. hava gəmisi heyətinin səyahət sənədi;

7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;

8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləParlamentlə bağlı veriliş olacaq
Növbəti məqaləFHN-dən xəstəxanaya uşaq çarpayılarının yerləşdirilməsi xəbəri ilə bağlı açıqlama