Rövşən Ağayev: Hökumət bütün dünyada olduğu kimi müntəzəm olaraq uşaq yoxsulluğunu ayrıca ölçməli, ən çox ehtiyacı olan nə qədər uşaq varsa, ilk növbədə onları müavinətlərlə təmin etməlidir”
İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pulunun bərpası üçün hökumətə təklif göndərib.
Mərkəzin rəhbəri Vüqar Bayramov Modern.az-a bildirib ki, təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir:
“3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. Hazırda bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaqpulunun məbləği 50 milyon 752 min manat edir”.
V.Bayramovun sözlərinə görə, digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir:
“Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.
Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaqpulu məbləği 58 milyon 512 min manat edir”.
Ekspert qeyd edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaqpulunun məbləği 135 milyon 104 min manat edir ki, bu da illik 1 milyard 612 milyon manat deməkdir.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a deyib ki, bu gün 18 yaşadək olanlar üçün uşaqpulunun bərpası gündəmdə deyil:
“Ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir. Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar.
Prezident çoxuşaqlı ailələrələ müavinət ayırdı, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək. Uşaq pulu ilə bağlı bəzi məsələlər var”.
H.Rəcəbli bildirib ki, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsi doğru deyil:
“Bu belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur.
3 yaşadək uşaqlara görə uşaq pulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.
Komitə sədri qeyd edib ki, uşaqpulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur.
Benefisiar.org xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev öz facebook səhifəsində Hadı Rəcəblinin fikrilərinə münasibət bildirib. Rövşən Ağayev yazır: “Hadı Rəcəbli deyir ki, dünyada ailənin maddi vəziyyətinə fərq qoymadan bütün uşaqlara müavinət verilməsi təcrübəsi yoxdur.
Müəllimin informasiyası tam deyil – dünyada onlarca belə təcrübə var. Özü də dünyanın yoxsul qitələrində deyil, ən zəgin hissələrindən birində – Avropda var belə təcrübə.
Yaxşı araşdırmaq imkanım olduğu üçün birini deyim.
Estoniyada 17 yaşadək bütün uşaqlara dövlət müavinət verir. Yəni ölkədə selektiv deyil, universal uşaq sosial müdafiə sistemi mövcuddur. Ailədə 2 uşaq olduqda hər uşaq üçün ayda 60 avro (120 manata yaxın), 2-dən çox uşaq olduqda əlavə uşaqların hər biri üçün 100 avro. Yəni 4 uşaqlı ailələr dövlətdən ayda 320 avro müavinət alır. Bundan əlavə, Estoniyada yeni doğulan uşağa görə ailə birdəfəlik 320 avro, uşaqlar əkiz olduqda 1000 avro müavinət alır.
Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatının son hesabatına görə, hazırda dünya üzrə hər 3 uşaqqdan biri dövlətin sosial müdafiə tədbirlərilə (səhiyyə istisna olmaqla) əhatə edilib. Avropa üzrə həmin göstərici 87.5%-dir. Azərbaycanda doğulan uşaqlara verilən birdəfəlik müavinətləri nəzərə almasaq, 17 yaşadək uşaqların ən yaxşı halda 20%-i dövlətin birbaşa sosial müdafiə alətlərindən bəhrələnə bilir (system nə dərəcədə effektivdir, yoxsul ailələrə verilən uşaq müavinətləri nə qədər onlaırn tələbatına uyğundur, bu ayrı mövzudur).
Amma bir reallığı deyim: bu təkcə uşaqlarla bağlı problem deyil. Bütövlükdə hökumətin sosial siyasətinin boşluqlarıdır. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hazırda Azərbaycanda övlad dünyaya gətirən qadınların cəmi 14%-i ən uşaq doğulmazdan əvvəl və sonra ən azından 100-120 günlük məznuyyət dövrü üçün müavinət almaq imkanı var. İnkişaf etmiş ölkələrdə həmin göstərici 95-100% ətrafındadır.
Yaxud Azərbaycanda işsiz vətətndaşların ən yaxşı halda 2%-nin işsizliyə görə müavinət almaq imkanı olub 2017-ci ilə qədər (yeni məlumatı bilmirəm). Yenə də qabaqcıl ölkələrdə bu göstərici 75%-dən 90-95%-ə qədər dəyişib. Ümumilkdə bizim icmal büdcdən sosial müdafiə üçün xərclətin ÜDM-də payı 6-7% aralığında dəyişdiyi halda, inkişaf etmiş ölkələrdə 18-20%-ə çatıb.
Cocuqlara qayıdıram: Azərbaycanda icmal büdcədən bilavasitə uşaqların sosial müdafiəsi xərclərinin ÜDM-də payı maksimum 0.3-0.4% təşkil etdiyi halda, amma tutaq ki, Finlandiya, Fransa və Almaniyada 2.5-3% təşkil edir.
Nəhayət, Azərbaycanda universal sosial müdafiə sisteminin tətbiqilə bağlı müzakirə olunan təklifə münasibətim.
Bu sistemin tərəfdarı olsam da, real saymıram. İlk nöbvədə hökumət özünün sosial müdafiə siyasətilə buna hazır deyil. Yeni büdcə qaydası ilə xərcləmələrə məhdudiyyətlər gətirən hökumətin yaxın illərdə büdcənin həcmini və strukturunu dəyişməyə hazır olmadığını da bura əlavə etsək, universal sistemin tətbiqi ehtimalı bir az da azalır.
Ən real olan nədir? Ehtiyacı olan uşaqları doğru-dürüst aşkarlamaq. Avropada yoxsulluğun 15-20% çatdığı bir zamanda bizdə 5% yoxsul var bəyan edib gerçək yoxsulları dövlət sosial müdafiə sistemindən kənarda saxlamaq sosial ədalətsizlikdir. Hökumət bütün dünyada olduğu kimi müntəzəm olaraq uşaq yoxsulluğunu ayrıca ölçməli, ən çox ehtiyacı olan nə qədər uşaq varsa (hətta 17 yaşadək uşaqların 50%-i olsa belə), ilk növbədə onları müavinətlərlə təmin etməlidir.
Mövcud reallıqları nəzərə alaraq, ayda 3-5 min manatdan 50-100 min manatadək qazancı olan ailələrin də uşaqlarına ucdantutma 50-100 manat müavinət verməkdənsə, gerçək ehtiyacı olanlara 150-200 manat aylıq müavinət verilməsini daha effektiv addım sayardım.
Real uşaq yoxsulluğunu müəyyən etməkdən asan heç nə yoxdu. Yetər ki, statistikanı, araşdırma mərkəzləri siyasət aləti olmaqdan qurtarıb öz gerçək və tərəfsiz funksiyalarını yerinə yetrmiş olsunlar”.