Nazirlik təhsillə bağlı sənədi ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir.

Nazirlikdən “Report”a verilən məlumata görə, layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində [email protected] elektron poçt ünvanına göndərmək olar.

Qeyd edək ki, “Ümumi təhsilin dövlət standartları” sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında Nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə təqdim edilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda 2018-ci ilin iyulunda təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə və 2019-cu ilin martında qəbul edilmiş “Ümumi təhsil haqqında” qanunda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.