Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?

Məcburi dövlət sosial sığortası ilə sığorta olunan, yəni əmək müqaviləsi ilə çalışan şəxslərin müvəqqəti xəstəlik halında faktiki olaraq işləmədiyi dövrdə itirilmiş əməkhaqlarının, gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu növ sığorta sığortaedənlər, yəni işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

– minimum 6 ay sığorta stajı olmayan şəxslərə;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

– işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

– törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

– məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

Bu müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.

Müavinət işçinin iş yeri üzrə, yəni əmək kitabçasının olduğu yerdə müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və ümumi qaydada verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?

İşçinin 8 ilədək sığorta stajı olduqda – qazancın 60%-i,

8 ildən 12 ilədək sığorta stajı olduqda – qazancın 80%-i,

12 il və daha çox sığorta stajı olduqda – qazancın 100%-i olaraq ödənilir.

Deyilənlərə əsasən, aşağıdakı düstur və misalla nəzərdə keçirək.

Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)

Əvvəlki 12 ayın qazancı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaq cəmi əmək haqqıdır.

Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin neçə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.

Müavinət dövründəki iş günlərinin sayı – işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.

Staj və kateqoriyaya görə faiz – əsasnaməyə əsasən, işçinin iş stajı və digər sosial kateqoriyasına görə müəyyənləşdirilir.

İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq, daha sonra düsturun hər bəndi üzrə konkret informasiya təqdim edəcəyik.

Misal. Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən “A” MMC-nin işçisi, 15 illik stajı olan Əliyev İmran xəstəlik vərəqəsi təqdim edir ki, 11 okyabr 2019-cu il tarixdən başlayaraq əmək qabiliyyətini 6 günlük itirib. Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək. Əvvəlki 12 ayın qazancının hesablanması: Əliyev İmranın əmək haqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6000 (500 manat x 12 ay) manat olub. Əvvəlki 12 ayda iş günlərin sayının hesablanması: İşçi oktyabr ayında xəstələndiyi üçün son 12 aylıq (1 oktyabr 2018- 30 sentyabr 2019-cu il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:

Sıra           Ay İş                    Günlərin sayı
1              Oktyabr 2018        23 gün
2              Noyabr 2018         21 gün
3              Dekabr 2018         20 gün
4              Yanvar 2019          21 gün
5              Fevral 2019           20 gün
6              Mart 2019             15 gün
7              Aprel 2019            22 gün
8              May 2019              21 gün
9              İyun 2019             16 gün
10            İyul 2019              23 gün
11            Avqust 2019          20 gün
12           Sentyabr 2019        21 gün

Cəmi                                    243 gün

Cədvəldən göründüyü kimi, son 12 ay ərzində işçinin iş günlərinin sayı 243 gün olub.

Müavinət dövründəki iş günlərin sayının hesablanması xəstəlik vərəqəsinə əsasən, işçi 11 okyabr 2019-cu il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (11 oktyabr 2019-cu il) cümə günüdür. 12-13 oktyabr 2019-cu il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi cəmi 4 iş günü (11, 14, 15 və 16 oktyabr 2019) xəstəliyi səbəbindən əmək funksiyasını icra etməyəcək.

Staj və kateqoriyaya görə faizin hesablanması misalımızda işçinin iş stajı 15 il olduğu üçün, əsasnamənin 62-ci bəndinə əsaslansaq, 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.

İndi isə qeyd edilən göstəriciləri düsturda qeyd edək: Müavinətin məbləği = ((6 000 manat)/ 243 gün) x 4 iş gün x 100 faiz = 98.76 manat.

Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 11-16 oktyabr 2019-cu il tarixləri üçün 98,76 manat müavinət hesablanıb ödəniləcək.

Qeyd edək ki, əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

Benefisiar.org

Oxunub: 8352

Əvvəlki məqaləKarantinlə bağlı bu müəssisələrdə əlaqələndirici şəxslər təyin ediləcək
Növbəti məqaləPublik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı