VÖEN necə ləğv oluna bilər?

10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi
VEÖN

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması qaydası fərqlidir.

Fəaliyyətinə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisi bir qayda olaraq uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə”sini və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əslini təqdim etməlidir.

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi isə “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması, o cümlədən fiziki şəxsin vergi uçotundan elektron qaydada çıxarılması da mümkündür. Həmin elektron xidmətdən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) zəng edərək də istifadə edilə bilər.

Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Fiziki şəxsin uçotunun ləğvi aşağıdakı hallarda vergi orqanına daxil olmuş məlumatlar əsasında başlanılır:

1.Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə – onun və ya səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında;

2. Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin müvafiq qərarı əsasında;

3. Fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə əsasında.

Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.

Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir.

Vergi uçotundan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır:

1. uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;

2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması;

3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;

4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olub-olmaması;

5. vergi ödəyicisinin aktiv bank hesablarının olub-olmaması;

6. vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;

7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması.

Qeyd edilən hallar aşkar edildikdə fiziki şəxsin uçotdan çıxarılması ilə əlaqədar müraciət edən şəxs (fiziki şəxsin səlahiyyətli nümayəndəsi, varisi və s.) aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatlandırılmalıdır:

1. vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi;

2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi;

3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi;

4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılması;

5. vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılması;

6. müraciətin edilməsi tarixinə, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi;

7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi.

Vergi uçotundan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə “Vergi ödəyicisinin vergi uçotunun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd edilən hallar mövcud olduqda fiziki şəxs tərəfindən həmin hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır. Fiziki şəxs vergi uçotundan çıxarıldıqda, ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” təqdim olunur.

Ümumiyyətlə, vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Benefisiar.org

Oxunub: 2616

Əvvəlki məqaləMSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
Növbəti məqaləAçıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı təsdiqləndi