Fövqəladə hallar zamanı nə edilməlidir?

Fövqəladə hal nədir?

Fövqəladə hal – ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir.

Fövqəladə hallar hansılardır?

Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, fırtına, qasırğa və s. bu kimi təbii fəlakətlərdir.

Sel – dağlardan gələn, özü ilə çoxlu qum, gil, çınqıl, daş, ağac parçaları gətirən qarışıq su axınıdır.

Daşqın – dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətrafı su basması deməkdir.

Sel və daşqın baş verən zaman nə etməliyik?

  • açıq ərazidəsinizsə, dərhal yüksək bir yerə çıxın;
  • təhlükə yarandıqda və təxliyyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin;
  • hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;
  • evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın;
  • vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın;
  • ev heyvanlarını sərbəst buraxın;
  • korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;
  • evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalın;
  • gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verin;
  • xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;
  • su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz;
  • suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;
  • yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan yapışın (avtomobil şini, taxta əşya və s.);
  • suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin;
  • sel sularının toplandığı bölgələrdə avtomobildən istifadə etməyin.

Sel və daşqından sonra nə etməlik?

  • su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;
  • evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın;
  • yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləyin;
  • içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edin;
  • yüksək gərginlikli elektrik xəttlərindən, uçmuş tikililərdən və sınmış ağac budaqlarından özünüzü qoruyun;
  • mənzilə yığışmış qazların çıxarılması üçün otaqları havalandırın.

 Zəlzələ – qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir.

Zəlzələ zamanı nə etməliyik?

  • binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;
  • əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;
  • evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;
  • liftdən istifadə etməyin;
  • dəmir ayaqlı masa varsa, onun altına girin;
  • diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;
  • əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;
  • əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.

Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa: 

  • təşvişə düşməyin, ehtiyac varsa, özünüzə ilkin yardım göstərməyə çalışın;
  • əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az qüvvə tələb edən üsulu seçin;
  • qüvvə və bacarığınıza tam əmin deyilsinizsə, xilasediciləri gözləyin;
  • maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər “sükut anı” elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəclə;
  • mobil telefonla yerinizi bildirməyə çalışın.

Torpaq sürüşməsi – torpaq və dağ süxurlarının öz ağırlığı altında dağ və dərələrin yamacları, dəniz və göllərin dik sahilləri boyu aşağıya doğru hərəkətinə deyilir. Torpaq sürüşməsi insan həyatı üçün təhlükəli olduğundan hər birimiz bununla bağlı təhlükəsizlik qaydalarını bilməliyik.

Torpaq sürüşməsi zamanı nə etməliyik?

  • aidiyyəti qurumların köçürülmə ilə bağlı tələblərinə sözsüz əməl edin;
  • sürüşmə qəflətən baş veribsə və dərhal həyətə çıxmaq mümkündürsə, evi tərk edin;
  • sürüşmə zamanı yuxarı mərtəbədəsinizsə və dərhal həyətə çıxmaq mümkün deyilsə, binanın yuxarı hissəsinə qalxın;
  • sürüşmə sizi açıq havada yaxalayıbsa, əvvəl önünüzə daş, taxta parçası və ya ağır əşya atın, bunlar torpağa batırsa, hərəkət istiqamətinizi dəyişin;
  • torpaq sürüşməsi zamanı sükan arxasındasınızsa və hərəkət etmək mümkün deyilsə, titrəyiş bitənə kimi təhlükəsizlik kəmərini açmadan avtomobildə gözləyin.

Vulkan – Yerin dərinliyindən xaricə lava, vulkanik qazlar, daşlar püskürən, Yer kürəsinin üst qatında yaranan geoloji strukturdur.

Vulkan püskürməsi zamanı nə etməliyik?

  • özünüzü vulkanın püskürdüyü daş və küldən qoruyun;
  • vulkan püskürməsi güclü daşqın və sellə müşayiət oluna bilər. Buna görə, yaxındakı çaylardan uzaq durun, subasmadan qorunmaq üçün hündür yerlərə çıxın.

Vulkan püskürməsindən sonra nə etməliyik?

  • külün nəfəs yollarına düşməsinin qarşısını almaq üçün ağız və burnunuzu tənziflə bağlayın;
  • yanıq xəsarəti almamaq ücün qoruyucu eynək taxın;
  • ətraf küllə örtülübsə, avtomobillə hərəkət etməyin, bu, onun sıradan çıxmasına səbəb olacaq;
  • evin damının zərər çəkməməsi üçün damı küldən təmizləyin.

Fırtına – dənizdə iri dalğaların əmələ gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 75-117 kilometr sürətli güclü küləkdir.

Qasırğa – sürəti saatda 118 kilometr və daha artıq olan güclü (dağıdıcı) küləkdir.

Bu təbiət hadisələri ilə bağlı davranış qaydaları:

  • qapı və pəncərələri bərkidin, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin təzyiqinə davamlılığını artırın;
  • evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;
  • içəri otaqlardan birini daldalanmaq üçün hazırlayın, bütün ehtiyat ləvazimatlarını oraya yığın.
  • qasırğa vaxtı evdəsinizsə, soba və elektrik cihazlarını söndürün, qazı bağlayın;
  • əvvəlcədən hazırlanmış içəri otağa və ya dəhlizdə pəncərəsi olmayan bir yerə keçin;
  • fəlakət barədə rəsmi orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl edin;
  • qasırğa sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı tikili, körpü, estakada, sənaye müəssisəsi, çay və dəniz sahilinə yaxınlaşmayın, elektrik dirəyi və məftilləri, hündür ağacların altında dayanmayın;
  • dərhal yaxınlıqdakı binaların zirzəmilərində, möhkəm tikililərdə daldalanmağa çalışın;
  • üzünüzü küləyin ətrafa atdığı daş və şüşə parçalarından faner, karton və ya digər bərk əşya ilə, ağız-burnunuzu isə tozdan yaylıq və ya şərflə qoruyun;
  • burağan zamanı evdəsinizsə, dərhal zirzəmiyə keçin. Çöllükdəsinizsə, yaxınlıqdakı çökək və ya xəndəkdə uzanıb dibə sıxılın;
  • maşındasınızsa, onu saxlayın, salondan çıxıb yaxınlıqdakı çökək və ya xəndəkdə daldalanın.

Fövqəladə hallar zamanı əhalinin köçürülməsi:

  • Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir.
  • Əhalinin təxliyəsi (müvəqqəti köçürülməsi) adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan – fövqəladə hal zonasından əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatla və ya piyada) təhlükəsiz ərazilərdə yerləşdirilməsini və digər müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
  • Təxliyə əhali zərbə faktorları təsiri olan rayonlardan və ərazidən təhlükəsiz rayon və məntəqələrə tam çıxarıldıqda başa çatmış hesab olunur.
  • Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən təhlükəsiz yerlərə vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir.

Fövqəladə halların qarşısının alınması məqsədilə komissiya yaradılır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar (FH) üzrə Komissiyası aşağıdakı məqsədlərlə yaradılır:

  • Respublika ərazisində güclü qəzalar, təbii fəlakətlər, epidemiya zamanı respublikanın bütün səviyyəli idarəetmə orqanlarının daim fəaliyyətə hazırlığının təmin edilməsi üçün;
  • Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında respublikanın bütün səviyyəli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün;
  • Xilasetmə və qəza-bərpa işlərinə, əhalinin həyat və təminatı üzrə tədbirlərə və fəlakət rayonlarından köçürülməsinə rəhbərlik edilməsi üçün.

Komissiya hansı vəzifələri həyata keçirir?

  • Komissiyanın əsas vəzifələrindən birini profilaktika tədbirlərinin həyata keçirilməsi, fövqəladə hallarda fəaliyyət göstərmək üçün nəzərdə tutulan dəstələrin saxlanması və təminatı, fəlakət rayonuna və zərər dəyənlərə yardım göstərilməsinə lazım olan xərclərin ödənilməsindən ötrü respublika-maliyyə və maddi-texniki təminat sistemi yaradılması üzrə təkliflərin hazırlanıb Nazirlər Kabinetinin müzakirəsinə verilməsi təşkil edir.
  • Həmçinin Komissiya maliyyələşdirmə, maddi-texniki təminat sisteminin yaradılması üzrə işləri, zərər çəkmiş əhaliyə lazımi sosial yardım göstərilməsi, onların həyat təminatı, fəlakət rayonlarından köçürülməsi işlərini təşkil edir və əlaqələndirir.

Hazırladı: Rəvanə Mehdili – hüquqşünas

Oxunub: 598