İnformasiya sorğusu nədir və onu necə göndərmək olar?

“İnformasiya əldə etmək” haqqında Qanuna əsasən informasiya əldə etmək üçün sorğu ilə müraciət etmək lazımdır. İnformasiya sorğusunun təqdim edilməsinin 2 üsulu var:

1) sorğuçu (yəni informasiya əldə etmək üçün sorğu göndərən vətəndaş)  informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;

2) sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

Ümumiyyətlə, əgər siz informasiya əldə etmək üçün sorğu ilə müraciət etmək istəyirsinizsə, məsləhətdir ki, bunu yazılı şəkildə edəsiniz. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.

İnformasiya əldə etmək üçün yazılı şəkildə sorğu ilə müraciət edən vətəndaş sorğusunun aşağıdakı formalardan birində təmin edilməsini tələb edə bilər:

1) sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;

2) sənədin üzünün köçürülməsi;

3) informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;

4) sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;

5) sənədin tərcümə olunması;

6) sənədin surətinin elektron daşıyıcılara köçürülməsi;

Yuxarıda qeyd etdiyimiz informasiya sahiblərinə dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər aiddir.

İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır. İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

a) sorğunun icrasından imtina edir;

b) sorğunun icrasını təmin edir;

c) sorğunu aidiyyəti informasiya sahibinə göndərir.

İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda isə axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

Sorğuçu informasiya ilə tanış olduqda əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə haqq ödəmir.

İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur. İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.

Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.

Yazılı informasiya sorğusunda nələr qeyd edilməlidir?

1) sorğuçunun adı və soyadı;

2) sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı;

3) informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

4) sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;

5) informasiyanın təqdim edilmə forması.

Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Yazılı sorğu barəsində aşağıdakı nümunə ilə tanış ola bilərsiniz.

NÜMUNƏ-1

NÜMUNƏ-2

 

 

Oxunub: 1935