Rəqabət və inhisarçılıq fəaliyyəti nədir?

İstehsalın və kapitalın iriləşməsi, daha böyük həcmə çatması, daha az əllərdə toplanması prosesi nəticədə inhisarlaşmaya səbəb olur. Bu proses bazar subyektləri arasında rəqabətə yol açır.

Rəqabət – bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır.

İnhisarçılıq fəaliyyəti isə inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyətidir.

İnhisarçılığın hansı növləri var?

“Antiinhisar fəaliyyəti haqqında” Qanunda inhisarçılığın dövlət inhisarçılığı, sahə inhisarçılığı, yerli inhisarçılıq, təsərrüfat subyektlərinin inhisarçılığı, maliyyə-kredit inhisarçılığı, bazar subyektlərinin üfüqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq, təbii inhisarçılıq, patent-lisenziya inhisarçılığı və yerin təkindən istifadə inhisarçılığı kimi növləri qeyd olunmuşdur.

Məsələn, təsərrüfat subyektlərinin inhisarçılığı – bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:

• xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması;

• süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması;

• digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması;

• bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);

• məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi;

• topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması;

• digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi;

• kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi;

• istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan əsassız imtina edilməsi;

• kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması.

Digər diqqətçəkən inhisarçılıq növü bazar subyektlərinin üfüqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıqdır. İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir:

• kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi;

• bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;

• təsərrüfat subyektlərinin bazardakı paylarının birləşdirilməsi onlara hökmran mövqe yaradarsa və ya bu mövqeyi gücləndirərsə, onların qovuşması və ya başqasının əlinə keçməsi ilə nəticələnən sazişlər;

• bazar subyektlərinin rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə birgə müəssisə yaratmaq haqqında öz aralarında bağladıqları sazişlər;

• xarici şirkətin Azərbaycan şirkətini əldə etməsi haqqında milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran sazişlər;

• hər hansı bir malın alınmasını digər malın satılması üçün şərt kimi irəli sürən şərtli bağlaşmalar;

• hər hansı malı satıcının rəqiblərindən deyil, məhz həmin satıcıdan almağa sövq edən şərtli bağlaşmalar;

• rəqibləri bazardan sıxışdırıb çıxarmaq və bununla da bazara digər təsərrüfat subyektlərinin daxil olması üçün maneələr yaratmaq məqsədilə istehsal olunan məhsullara standartlar qoyulmasına gətirib çıxaran sazişlər.

Dövlət nəzarət orqanın səlahiyyətləri nədən ibarətdir?

Qanuna əsasən müvafiq dövlət orqanı təsərrüfat subyektlərinin antiinhisar qanunvericiliyinə riayət edilməsinə nəzarət edir, müvafiq hallarda təsərrüfat subyektlərinin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə, habelə əqdlər bağlamalarına razılıq verir, özlərinin hökmran mövqeyindən sui-istifadə edən təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərdikdə, öz hərəkətləri ilə rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olduqda inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı idarəetmə orqanlarına təkliflər verir, müvafiq hallarda məcburi bölünmə haqqında qərar qəbul edir.

Qeyd edək ki, yuxarıda nəzərdə tutulan müvafiq dövlət orqanının funksiyalarını İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir. (Qaynar xətt: 195-2)

Benefisiar.org

Oxunub: 3896

Əvvəlki məqaləDirektorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edildi
Növbəti məqaləİctimai işlər cəzasına məhkum olunanların monitorinq sistemi yaradılıb