İstehlakçıların hansı hüquqları var?

alılıcı
İstehlakçı

Hamımız gündəlik həyatımızda isteklaçıyıq. Tələbatımızı ödəmək üçün mal alırıq, işlərdən (misal üçün, bərbər) və xidmətlərdən (məsələn, tibb) faydalanırıq. Bu gedişatda bizim istehlakçı kimi hüquqlarımız var. Həmin hüquqlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla (bundan sonra – Qanun) dövlət tərəfindən qorunur. İstehlakçılar bu Qanunda göstərilən hüquqlarının pozulması ilə bağlı şikayət edə bilərlər.

Bəs hansı istehlakçı hüquqlarımız var? Bu Bələdçi hörmətli oxucularımızı Qanunla qorunan istehlakçı hüquqları ilə tanış etmək məqsədi daşıyır və bu məqsədə nail olmaq üçün qanundakı hüquqi terminlərin bəziləri mahiyyəti qorunmaqla sadələşdirilib.

İlk növbədə, Qanundakı bəzi anlayışları dəqiqləşdirək. Şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı adlanır. Bu anlayışa əsasən hər kəs gündəlik olaraq şəxsi tələbatını ödəməyə çalışdıqda istehlakçı oluruq. İstehlakçı sayılmaq üçün mal, iş və xidmətlərdən faydalanmağın məqsədi şəxsi tələbatın ödənilməsi olmalıdır. Biznes fəaliyyəti göstərən sahibkarlar istehlakçı sayılmırlar.

İstehlakçı mal alır, iş və xidmətlərdən istifadə edir. Mal anlayışına daşınar və daşınmaz əşyalar və elektronik məcrada istifadə edilən yazı, səs, görüntü və oxşar qeyri-maddi əmlak aiddir. İş və xidmətlərə isə pul və ya digər mənafe əvəzində göstərilən mal təminatından kənar başqa istənilən fəaliyyət aiddir (misal üçün, kurs təhsili, kimyəvi təmizləmə, kafe-restoran xidməti, otel xidməti və s).

İstehlakçıların hüquqlarının pozulmasına görə vəziyyətdən asılı olaraq istehsalçı, satıcı və ya icraçı öhdəlik daşıyırlar. Dövlət bu öhdəliklərin qorunması üçün məcburi keyfiyyət/təhlükəsizlik qaydaları, digər adı ilə normativ sənədlər müəyyən edir.

İstehlakçıların əsas hüquqları bunlardır:

Təhlükəsizlik və keyfiyyət hüququ;

Seçim hüququ;

Məlumat almaq hüququ;

Şikayət vermək hüququ.

Bu istehlakçı hüquqları konkret olaraq aşağıdakı təminatları verir:

• Məhsulun zəmanət müddəti və yararlılıq müddəti: Malların (işlərin, xidmətlərin) zəmanət müddəti, tez xarab olan və həyat-sağlamlıq üçün təhlükəli olan malların isə yararlılıq müddəti olmalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda, nişanlama kağızında, yarlıqda, ya da əlavə olunan digər sənəddə, yararlılıq müddəti isə malın (işin, xidmətin) üzərində (qabında) və ya əlavə olunan sənəddə göstərilməlidir. Yararlılıq müddəti ötmüş malın satışı qadağandır.

• Qüsurlu mallara dair təminatlar: İstehlakçı zəmanət müddəti ərzində malda qüsur və ya saxtalaşdırma aşkar edərsə satıcıdan (istehsalçıdan) bunlardan birini tələb etmək hüququ və satıcının isə bu tələbi yerinə yetirmək öhdəliyi var (qüsur 14 gündə ya da tərəflərin razılaşdığı müddətdə aradan qaldırılmalı; bu müddətdən gecikdirilən hər gün üçün satıcı satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəməlidir; mal yaxud kassa qəbzi və ya malın əlavəsi olan sənəd saxlanılıbsa, onda mal dəyişdirilə bilər):

– Qüsurlu malı keyfiyyətli malla dəyişdirmək;

– Satış qiymətini uyğun məbləğdə azaltmaq;

– Qüsuru satıcının hesabına aradan qaldırmaq və ya qüsuru aradan qaldırmaq üçün çəkdiyi xərcləri tələb etmək;

– Malı uyğun modelli malla dəyəri yenidən hesablanmaqla əvəz etmək;

– Müqaviləni ləğv etmək və çəkdiyi zərərin ödənilməsini tələb etmək.

• Sənədləşdirmə təminatı: satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

• İş görülməsi və xidmətlə göstərilməsi müqavilələrinin pozulmasına qarşı təminatlar: İcraçı vaxtında başlamırsa ya da çox ləngidirsə, istehlakçı müqavilədən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İcraçı müqavilədən əhəmiyyətli kənara çıxarsa ya da mühüm qüsurlar vurarsa, istehlakçı əlavə müddət verə bilər və əgər bu müddətdə də problem aradan qaldırılmazsa, onda müqaviləni ləğv edə və zərəri tələb edə bilər. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) əhəmiyyətli kənaraçıxma olarsa və ya mühüm qüsur ortaya çıxarsa, istehlakçı eynicinsli və keyfiyyətli materiallarını icraçıdan tələb edə və ya müqavilənin ləğvini və ziyanın ödənilməsini tələb edə bilər. Gecikdirilmiş hər gün üçün icraçı işin (xidmətin və ya sifariş dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir.

• Nəzarət markası təminatı: Dərman vasitələrinin, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik hüququ mallarının, dini ədəbiyyatın nəzarət markası ilə markalanması tələb olunur. Satıcı istehlakçıya yalnız nəzarət markası olan malları sata bilər.

• Məcburi sertifikasiya təminatı: Qanunla və normativ sənədlərlə müəyyən edilmiş bir sıra mallar, işlər və xidmətlər məcburi sertifikasiyadan keçirilməli və ondan sonra istehlakçıya təqdim edilməlidir.

• Məlumat almaq təminatı: Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması, təhlükəsiz istifadə üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İdxal mallar və məhsulların üzərindəki etiketlər (yarlıqlar), istifadə qaydaları başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır. Malların (işlərin, xidmətlərin) qiymətləri yalnız manatla göstərilməlidir. Malın üzərində istehsal (ticarət) markası, əmtəə nişanı və ya coğrafi göstərici yaxud sahibkarlıq etiketi olmalıdır. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və ziyanı tələb etmək hüququ var.

• Qeyri-ərzaq malını dəyişdirmək təminatı: İstehlakçı qüsurlu olmayan qeyri-ərzaq malını, malın alındığı günü saymamaq şərti ilə 14 gün ərzində dəyişdirmək hüququna malikdir (bu müddəti satıcı uzada bilər). Əgər malın keyfiyyəti pozulmayıbsa, həmin mal dəyişdirilə bilər. Mal yaxud kassa qəbzi və ya malın əlavəsi olan sənəd saxlanılıbsa, onda mal dəyişdirilə bilər.

• POS-terminal təminatı: Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı hesablaşmaların aparılması üçün POS-terminallar quraşdırılmalıdır (POS-terminal quraşdırılması qaydaları və quraşdırılmalı obyektlər müəyyən edilir).

• Şikayət hüququ: İstehlakçılar hüquqlarının pozulması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (qaynar xətt: 012 498 15 01; 498 15 04) və ya məhkəməyə müraciət edə bilərlər.

Benefisiar.org

Oxunub: 3299

Əvvəlki məqaləPandemiya ilə bağlı müəllimlər kurslara cəlb oluna bilər
Növbəti məqalə“Virtual məktəb”lə bağlı “Qaynar xətt” xidməti istifadəyə verilir