Fərdi Məşğulluq Proqramı nədir və ora necə müraciət edilir?

Fərdi Məşğulluq Proqramı – işsiz şəxsin işə düzəlməkdə, başqa sözlə əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir.

Fərdi məşğulluq proqramının icrası barədə hesabat – işsiz şəxsin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.

Fərdi Məşğulluq Proqramının yerinə yetirilməsi qaydası və hesabatın forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 saylı qərarı ilə təsdiq olunmuşdur.

 Fərdi Məşğulluq Proqramına müraciətin edilməsi qaydası aşağıdakı kimidir:

  • İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur. Onu qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.
  • İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir. Belə ki, fərdi məşğulluq proqramı işsiz şəxsin elektron şəxsi kabinetində əks olunur, işsiz şəxs onu gücləndirilmiş elektron imzası ilə təsdiq edir, əgər işsiz şəxsin gücləndirilmiş elektron imzası yoxdursa, fərdi məşğulluq proqramı Agentliyin yerli orqanları tərəfindən çap olunur, işsiz şəxs tərəfindən imzalanır və skan olunmuş surəti sistemə daxil edilir.

 Fərdi Məşğulluq Proqramı ilə bağlı SMS bildiriş aldıqdan sonra nə etmək lazımdır?

İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə  əsasən (fərdi məşğulluq proqramının tərtib olunmasından  və ya icrasından imtina etdikdə yaxud onun icrasına dair hesabatı qanunvericilikdə müəyyən olunmuş müddətdə (ayda 1 dəfə)  təqdim etmədikdə ) işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir. 

  • İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 (beş) iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Agentliyin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir.
  • Məsləhət xidməti fərdi məşğulluq proqramının hazırlanması məqsədi ilə işsiz şəxsin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması üçün aparılır.
  • Dövlət Məşğulluq Agentliyinin yerli orqanları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – MİS) “Məşğulluq Alt Sistemi”nə (bundan sonra – MAS) daxil olaraq tələb olunan məlumatları və məsləhət xidmətinin nəticələrini, iş tapmaq üçün zəruri aktiv məşğulluq tədbirlərinin mümkünlüyünü, həmçinin əmək bazarının hal-hazırki vəziyyətini nəzərə alaraq qiymətləndirmələr aparır və şəxsə məlumat vərəqəsinin hazırlanması, seçilən iş yerinə onun təqdim edilməsi, iş yerində müsahibə mərhələsi, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verir və fərdi məşğulluq proqramını tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq edir (1 nömrəli əlavə)

 Fərdi Məşğulluq Proqramının yerinə yetirilməsi qaydası aşağıdakı kimidir:

  • İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Agentliyin yerli orqanı ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.
  • Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.
  • İşsiz fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, MAS-a bu barədə məlumat göndərərək Agentliyin yerli orqanında bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır.

Fərdi Məşğulluq Poqramının yerinə yetirilməsi barədə hesabatın təqdim edilməsi qaydası aşağıdakı kimidir:

  • Fərdi məşğulluq proqramının icrası barədə hesabat MAS tərəfindən hər ay üçün formalaşdırılır (2 nömrəli əlavə) İşsiz şəxsi elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim edir. Hesabatın son təsdiq edilmə günü istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, hesabat sonrakı iş günündə təsdiq edilə bilər.
  • İşsiz MAS tərəfindən formalaşdırılmış aylıq hesabatda düzgün olmayan və ziddiyyətli məlumatlar aşkar etdikdə, o, hesabatı təsdiq etməkdən imtina edir və ona əsas olan səbəbləri qeyd edir. Bu halda Agentliyin yerli orqanı 5 (beş) iş günü müddətində işsiz şəxsi Agentliyin yerli orqanına dəvət edərək, onunla qeyd olunan səbəbləri araşdırır və müvafiq tədbirlər görür.

Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz tərəfindən təsdiq edildikdən sonra sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatının saxlanılıb-saxlanılmaması barədə Agentliyin yerli orqanı tərəfindən qərar verilir.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərdə Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edilə bilər.

“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na dair əlavələrlə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz:

http://sosial.gov.az/uploads/images/image_750x_5bd1b89868e86.pdf 

(1 nömrəli əlavə)

http://sosial.gov.az/uploads/images/image_750x_5bd1b8b65de08.pdf

( 2 nömrəli əlavə)

 

Benefisiar.org

 

 

Oxunub: 2330

Əvvəlki məqaləGələn il yaşayış minimumu 196 manat olacaq
Növbəti məqaləƏlilliyə görə əmək pensiyası, yoxsa sosial müavinət?