Əlilliyə görə əmək pensiyası, yoxsa sosial müavinət?

Əmək pensiyası və sosial müavinət, bu ödənişləri almağa hüququ yaranan şəxslərə aylıq ödənilən sosial ödənişlərdir. Onlar oxşar şərtlərə malik olsa da, biri-birindən fərqləndirən şərtləri də mövcuddur. Ayırd edə bilmək üçün baxaq.

Əlilliyə görə ödənilən sosial ödənişlərin (həm əmək pensiyası, həm sosial müavinət) oxşar şərt(lər)i hansılardır?

  1. Təyini:

Hər iki sosial ödəniş (həm sosial müavinət, həm əmək pensiyası)  xəstəlik və ya xəsarət nəticəsində əqli və ya fiziki əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.

  1. Əlillik dərəcəsinin müəyyən edilməsi:

Əlillik ümumi və xüsusi səbəblərdən birinə əsasən müraciət edən şəxsin (bundan sonra – şəxs) I, II, III qrup əlillik dərəcəsi, 18 yaşınadək şəxslərə isə sağlamlıq imkanının məhdudluğu müəyyən edilir.

  1. Müraciət qaydası:

Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Bunun üçün şəxs xəstəliyini təsdiqləyən tibbi sənəd (epikriz və ya xəstəlik vərəqəsi) ilə birlikdə qeydiyyatda olduğu şəhər/rayon poliklinikasına müraciət etməlidir. Müalicə həkimi tərəfindən 88 nömrəli Forma göndəriş elektron qaydada müvafiq məlumatlar rəsmiləşdirilərək  “Tibbi-Sosial Ekspert Komissiyasının göndərişlər reyestrinə” (TSEK) göndərilir. TSEK 10 (on) iş günü ərzində göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin təyin olunması və ya səbəblərini göstərməklə əlilliyin təyin olunmamasına dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət 15 (on beş) iş gününə qədər uzadıla bilər.

Bəs əlilliyə görə ödənilən sosial ödənişləri (həm əmək pensiyası, həm sosial müavinət) fərqləndirən şərt(lər) hansılardır?

  1. Sosial sığorta stajı 
  2. Pensiya kapitalı 

Sosial sığorta stajı dedikdə məcburi dövlət sosial sığorta haqqları ödəmək şərti ilə rəsmi iş və ya digər fəaliyyət dövrlərinin məcmusu başa düşülür. Məcburi dövlət sosial sığortası  sığortaedənlər, yəni işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir. Mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi və ya üzvlük əsasında işləyənlərin, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri ümumi iş stajına daxil edilir. İş stajı idarə, müəssisə, təşkilatın verdiyi sənədə, əmək kitabçasına əsasən müəyyən edilir, o olmadıqda isə iki və daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Hər bir sığortaolunan şəxsin dövlət sosial sığorta sistemində daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi hesabı olur. Fərdi hesab sığorta və yığım hissədən ibarətdir. Sığorta hissə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının hesaba toplandığı, yığım hissə isə könüllü sosial sığorta haqqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Hər iki subhesabda qeydə alınan və toplanan vəsaitlər pensiya kapitalını formalaşdırır.

Şəxsin əlilliyə görə əmək pensiyası hüququ aşağıdakı hallarda yaranır:

  1. ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;

Misal üzərində izah edək.

43 yaşlı II qrup əlillik dərəcəsi müəyyən olunmuş sığortalanan üçün ən azı 9 il (43 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 28) x 4 ay = 112 ay/12 = 9 il 3 ay ) sığorta stajı tələb olunur.

  1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

Qeyd edək ki, 2020-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

I qrup əlilliyi olan şəxslərin yalnız tələb olunan sığorta stajına, II və III qrup əlilliyi olan şəxslərin isə həm sığorta stajı, həm də tələb olunan pensiya kapitalına malik olması şərtdir.

Şəxsin yuxarıda qeyd olunmuş qaydada əlilliyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır.

Hazırda əlilliyə görə sosial müavinət aşağıdakı məbləğdə ödənilir: 

  • I qrup – 150 manat, əlavə olaraq, I qrup əlilliyi olan şəxslərin 100 manat məbləğində və onlara qulluq edən şəxslər üçün 50 manat məbləğində Prezident təqaüdləri almaq hüququ vardır;
  • II qrup – 130 manat;
  • III qrup – 110 manat.

Benefisiar.org

Oxunub: 2169

Əvvəlki məqaləFərdi Məşğulluq Proqramı nədir və ora necə müraciət edilir?
Növbəti məqaləMəişət zorakılığı ilə mübarizəyə dair işçi qrupları yaradılıb