Bələdiyyə torpaqlarının icarəyə verilməsi qaydası necə tənzimlənir?

Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ sənədlərə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı aşağıdakı müddəaları qeyd etmək olar:

• Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Başqa sözlə, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birlik və təşkilatlar, habelə, xarici dövlətlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birlik və təşkilatlara, habelə, xarici dövlətlərə icarəyə verilmiş torpaqlar onların xüsusi mülkiyyətinə verilə bilməz.

• Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq hərracları və ya müsabiqələrlə bağlı məlumat əldə etmək üçün hüquqi şəxsin nümayəndəsi və ya fiziki şəxs bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini bələdiyyələr sərbəst həyata keçirirlər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir.

• Bələdiyyə torpaqlarının icarəyə verilməsi icarə müqaviləsi ilə rəsmiləşdirilir.

• Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi müəyyən edir.

• Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Hərraca (müsabiqəyə) çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.

• Bələdiyyə torpaqları üzərində hüquqi və fiziki şəxslərin icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada (torpaq sahəsi üzərində müddəti 11 aydan çox olan icarə hüququ) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınır.

• Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız təyinatı üzrə istifadə olunmaq şərtilə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.

• Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir.

• Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün icarəyə verilməsinə yol verilmir.

• İcarədə olan bələdiyyə torpaqları qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər.

Xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqları ayrıldıqda yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər.

• Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir.

• Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz.

• İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər.

• İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir.

İcarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyən edilir.

Benefisiar.org

Oxunub: 2102

Əvvəlki məqaləİmtahan verən bu şəxslərdən COVID-19 sənədi tələb olunmayacaq
Növbəti məqaləAzərbaycan gələn həftə quru sərhədlərini aça bilər?