Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahanın qeydiyyatı elan edilib

Martın 31-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında baş tutacaq.

İmtahana qeydiyyat 6 mart tarixdən başlayıb və 30 mart 2018-ci il tarixində saat 10:00-da yekunlaşacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.