Ailənin başqa üzvlərinin aliment öhdəlikləri

Ailənin digər üzvlərinin aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə tənzimlənir.

Həmin öhdəliklərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

Qardaş və bacıların yetkinlik yaşına çatmayan, əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi:

Əgər qardaş və bacılar yetkinlik yaşına çatmayıbsa və yardıma ehtiyacı varsa, həmçinin, valideynlərindən saxlanılmaları üçün yardım ala bilmirlərsə, bu zaman  onlar zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılarından məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.

Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi:

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan (18 yaşı tamam olmayan) nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi:   

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi:

Yetkinlik yaşına çatmayan uşaqları faktiki tərbiyə etmişsaxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Faktiki tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.

Qəyyumluğa (himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərin isə həmin şəxslərə aliment ödəmək və ya onları saxlamaq vəzifəsi qanunda nəzərdə tutulmur.

Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi:

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa, özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.

Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Yuxarıda qeyd olunan şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

 Qeyd: Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduğu halda məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını (yəni, hər birinin ödəməli olduğu məbləği) müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə qarşı iddia verilməsindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 1643

Əvvəlki məqaləAbunəçi evində 1 aydan çox yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırmalıdır?
Növbəti məqalə“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılır