Abunəçi evində 1 aydan çox yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırmalıdır?

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən gün qurumda keçirilmiş “Açıq qapı” aksiyasında Hüquq Departamentinin rəisinin Vüqar Eyvazovun verdiyi və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmiş fikirləri barədə açıqlama yayıb.

“Report”un məlumatına görə, açıqlamada deyilir ki, mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə qaz paylayıcısının bu barədə əvvəlcədən məlumatlandırılması istehlakçının vəzifəsidir:

“Bu müddəa “Qazdan istifadə haqqında” Qaydaların 3.2.10-cu yarımbəndində öz əksini tapıb. Həmin yarımbəndə görə sözü gedən məlumatlandırma yazılı qaydada olmalıdır. Bundan başqa, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3-cü (İstehlakçının vəzifələri) bəndində aşağıdakı vəzifələr təsbit olunub:

-“Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək (2.3.3 yarımbənd);

– “Qazdan istifadə qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək (2.3.7 yarımbənd)

Vətəndaşların müxtəlif səbəblərdən (bağ evində müntəzəm yaşayışın olmaması, məzuniyyətə və yaxud tətilə çıxması, iş yerinin başqa ərazidə yerləşməsi və s.) qazlaşdırılmış obyektdə 1 aydan çox müddətdə yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırılmasının əsas təyinatı düzgün və ya təyinatı üzrə istifadə olunmadığı səbəbindən qazın partlayıcı, boğucu xüsusiyyətlərini nəzərə alaraq ev və ya mənzildə ehtimal olunan qaz sızması nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasıdır. Bu hallara daha çox payız-qış mövsümündə təsadüf olunduğu üçün istehlakçının bəhs edilən vəzifəsinin xatırlatması da aktualdır.

Yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi təqdirdə qaza görə hər hansı bir ödənişi də istisna edir”