Şagirdlərlə tələbələrin hüquq və vəzifələri

Təhsilalanların (tələbələrin, şagirdlərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Qanuna və digər normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.

Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.

 Təhsilalanların (tələbələrin, şagirdlərin) hüquqları aşağıdakılardır:

  1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
  2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək;
  3. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
  4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları) seçmək;
  5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
  6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
  7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
  8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
  9. fasiləsiz təhsil almaq;
  10. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
  11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
  12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
  13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
  14. dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
  15. dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
  16. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
  17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
  18. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; 
  1. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

 Təhsilalanların vəzifələri aşağıdakılardır:

1.dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

  1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  2. sağlam həyat tərzi keçirmək;
  3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
  4. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
  5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
  6. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

Qeyd: Təhsilalanların hüquqları dövlət tərəfindən təmin olunur. “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş hüquqlarınızın pozulduğu halda Təhsil Nazirliyinin (+994 12) 599-11-55 (daxili nömrəni bildiyiniz halda) (+994 12) 496-06-47 nömrələri,  994512067848 votsap nömrəsi ilə, habelə 146 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova – Hüquqşünas

Oxunub: 156

Əvvəlki məqaləBu sahibkarlıq üçün qanunvericilik hazırlanır
Növbəti məqaləBakıdakı qəzalı binaların taleyi ilə bağlı rəsmi açıqlama