Mediatorlar nə iş görür və kimlər mediator ola bilər?

Bu ilin mart ayının 29-da Milli Məclisdə qəbul edilən Mediasiya haqqında qanunla rəsmi olaraq mediator peşəsi yarandı. Mediator – mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir.

Qanunla mediasiya prosesinin tətbiq dairəsi aşağdakı sahələr üzrə müyyən edilib:

– mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);

– ailə münasibətlərindən irəli gələn mübahisələr;

– əmək münasibətlərindən irəli gələn mübahisələr;

– inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə qanuna uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir:

– ali təhsilə malik olmalıdır;

– 25 yaşı tamam olmalıdır;

– ən azı 3 illik iş stajına malik olmalıdır;

– mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək qanunla nəzərdə tutulmuş sertifikat əldə etməlidir;

Aşağıdakı şəxslər mediator ola bilməzlər:

– məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.

Qanunla göstərilən tələblərə cavab verən şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir.

Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər.

Mediatorun hüquq və vəzifələri

Mediatorun aşağıdakı hüquqları vardır:

– öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsi ilə mediasiya fəaliyyətini həyata keçirmək;

– tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;

– mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;

– konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;

– nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;

– qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Mediatorun aşağıdakı vəzifələri vardır:

– qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək;

– iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;

– mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;

– mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;

– mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;

– mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına əməl etmək;

– Mediasiya Şurası tərəfindən qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;

– qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə bilməz. Mediasiya predmeti olan mübahisə üzrə məhkəmə və ya arbitraj (münsiflər məhkəməsi) prosesində tərəflərdən hər hansı birini təmsil edə və arbitr (münsif) qismində çıxış edə bilməz.

Benefisiar.org

Oxunub: 6671