Sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi qaydası necədir?

Zərərin hansı növləri var?

Zərərin iki növü vardır:

  • Mənəvi və maddi zərər

Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

Mənəvi zərərin vurulması hansı hallarda yaranır?

  • yaxın şəxsin itirilməsi;
  • fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü;
  • əmək qabiliyyətinin itirilməsi;
  • ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması;
  • müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması;
  • fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Mənəvi zərərə görə ödənilən kompensasiya nəyi nəzərdə tutur?

Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin  ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.

Kimlər mənəvi təzminat tələb edə bilər?

  • Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər.
  • Şəxsin yaxını dedikdə ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı olan, səmimi münasibətinin olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, şəxsin ölümü və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.

Şəxsin vərəsələri hansı hallarda mənəvi zərərə görə kompensasiya almaq hüququndan məhrum edilir?

Bu kompensasiya vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun belə bir hüququ yaranmamış olur.

Mənəvi təzminatın həcmi necə müəyyən edilir?

Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

Maddi zərər də öz növbəsində 2 yerə ayrılır:

  • real zərər – hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli  olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi;
  • əldən çıxmış fayda – hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər.

Maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nələr nəzərə alınır?

Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Şəxs hansı hallarda ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər?

Qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadığı hallarda Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

Hansı hallarda sağlamlığa vurulmuş zərərin əvəzi ödənilir?

Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, itirdiyi qazancın habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir. Burda iki əsas şərt qeyd edilir:

  • zərərçəkənin həmin yardım və qulluq növlərinə həqiqətən ehtiyacı olsun;
  • və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

Sağlamlığın pozulması nəticəsində itirilmiş qazanc necə müəyyənləşdirilir?

Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

Hansı ödənişlər kompensasiya zamanı nəzərə alınmır?

  • birdəfəlik xarakterli ödənclər;
  • istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
  • işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır.

Hansı ödənişlər kompensasiya zamanı nəzərə alınır?

Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir.

Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzinin ödənilməsi zamanı nələrə diqqət yetirilməlidir?

  • 14 yaşı tamam olmamış və qazancı olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.
  • Zərərçəkən azyaşlı 14 yaşına çatdıqda, habelə qazancı olmayan 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini də, lakin 6 manatdan az olmamaqla, ödəməyə borcludur.
  • Əgər yetkinlik yaşına çatmayanın sağlamlığı pozularkən onun qazancı olmuşdursa, zərərin əvəzi bu qazancın miqdarı əsas götürülməklə ödənilir. Bu məbləğ 6 manatdan az olmamalıdır.

Hansı hallarda kompensasiya artırıla bilər?

  • Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi vaxta nisbətən azaldıqda o, istənilən vaxt zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını tələb edə bilər.
  • Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.

Hansı hallarda kompensasiya azaldıla bilər?

  • Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər.
  • Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə, pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər. Zərərin qəsdən törədilmiş hərəkətlərlə vurulduğu hallar bura aid edilmir.

Zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər necə təyin olunur?

Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu 3 illiyə təyin edə bilər.

Hazərladı: Rəvanə Mehdili – hüquqşünas

Oxunub: 833