İctimai nəqliyyatda sərnişinlərin hansı hüquqları var?

 

  • sərnişin daşımaları üçün açılmış istənilən marşrut üzrə istənilən nəqliyyat növünə bilet almaq (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla);
  • alınmış biletə uyğun yerlə təmin edilmək, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə, boş yeri tutmaq və gedişi həyata keçirmək;
  • ödəniş aləti əldə etmək və ona vəsait yükləmək (məsələn, avtobus və metrolarda)
  • müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş yaş həddində olan uşaqları pulsuz və ya digər şərtlərlə aparmaq (avtobusda 5 yaşa, metrolarda isə 7 yaşa kimi)
  • müəyyən edilmiş normalar həddində özləri ilə pulsuz əl yükü aparmaq;
  • tarifə uyğun daşımaya baqaj təhvil vermək;
  • üzrsüz səbəbdən daşımanın göstərilən vaxtdan gec başa çatdırılmasına görə kompensasiya almaq;
  • daşıma başlayana qədər bileti təhvil verib, daşımanı həyata keçirən nəqliyyat müəssisəsindən (daşıyıcıdan) ödənilmiş məbləği geri almaq;

Daşımanı davam etdirməkdən imtina edən daşıyıcı sərnişinin təyinat məntəqəsinə çatdırılmasını öz hesabına təmin etməli, yaxud müqavilənin pozulması nəticəsində sərnişinə vurulmuş bütün zərəri ödəməlidir.

Sərnişinlər metroya ev heyvanl ilə daxil ola bilərlər?

  • uşaq arabacıqlarına, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərtilə xizəklərə, kirşələrə, uşaq velosipedlərinə, balıqçı tilovlarına, musiqi alətlərinə, kiçik bağ avadanlıqlarına görə gediş haqqı ödəmədən aparmaq;
  • aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərtilə kiçik ev heyvanlarını və quşlarını gediş haqqı ödəmədən aparmaq;

Metroda olarkən hər hansı sərnişin digərlərindən yerini boşaltmağı tələb edə bilərmi?

  • vaqonlarda məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tələb etmək.

Daşıyıcı və ya onun nümayəndəsi hansı hallarda avtomobil və ya avtobus ilə sərnişin daşınmasından imtina edə bilərlər?

  • sərnişin avtonəqliyyat vasitəsində boş yer olmadıqda və ya onun maksimal çəkisi, yaxud oxları üzərinə düşən ağırlıq yol verilən həddi aşdıqda;
  • sərnişin ictimai asayişi pozduqda və ya onun davranışı cəmiyyətin əxlaq normalarına uyğun olmadıqda;
  • sərnişinin özü ilə digər sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliklərə yoluxma təhlükəsini yarada bilən xəstə heyvanı aparmaq istədikdə;
  • sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaratdıqda;
  • sərnişinin paltarı nəqliyyat vasitəsinin salonunu və ya digər sərnişinlərin paltarlarını çirkləndirə bildikdə;
  • sərnişin baqaj (əl yükü) qismində daşınması qadağan edilmiş, habelə gömrük rəsmiləşdirilməsini keçməyən, yaxud daşıma haqqı ödənilməmiş əşyaları aparmaq istədikdə;
  • sərnişinin gediş sənədləri müvafiq daşınma üçün nəzərdə tutulmadıqda, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə;
  • sərnişin gediş haqqını ödəmədikdə (gediş haqqının qabaqcadan ödənilməsi tələb olunduğu hallarda);
  • beynəlxalq sərnişin daşımaları zamanı sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmadıqda;
  • sərnişin sürücünün, konduktorun və ya nəzarətçinin qanuni tələblərinə əməl etmədikdə.

 Müntəzəm şəhərdaxili marşrutlarda sərnişinlərin avtobuslara minib-düşməsi necə olmalıdır?

  • bir qapısı olan avtobuslarda əvvəlcə sərnişinlərin düşməsi, sonra isə minməsi;
  • iki qapısı olan avtobuslarda sərnişinlərin düşməsi hər iki qapı, minməsi isə birinci qapıdan;
  • üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir.

Taksi minik avtomobilindən istifadə edən sərnişinlərin hansı hüquqları var?

  • müəyyən edilmiş xidmət ərazisi hüdudlarında təyinat məntəqəsinə gediş üçün taksi minik avtomobilini kirayələmək;
  • gəlmə yerini və vaxtını göstərməklə taksi minik avtomobilini sifariş etmək (o cümlədən, telefon vasitəsilə);
  • taksi minik avtmobilinin texniki göstəricilərinə əsasən müəyyən edilmiş normadan artıq olmayan miqdarda əlavə haqq ödəmədən baqaj və əl yükü daşımaq;
  • taksi minik avtomobili sürücüsünün xahişi ilə qabaqcadan gedişin və gözləmə zamanı dayanmanın güman edilən dəyərindən artıq olmayan miqdarda haqq ödəmək;
  • taksi minik avtomobilinin salonunda avtomobilin qapısından içəri sərbəst daxil edilə bilən salonun üzlüyünü və avadanlığını korlamayan və çirkləndirməyən, habelə avtomobilin təhlükəsiz idarə edilməsində sürücüyə maneçilik törətməyən müxtəlif əşyaları daşımaq;
  • daşıyıcının əmlakının korlanmasına görə məsuliyyəti öz üzərinə götürməklə, ağızlığı taxılmış və qısa xalta qayışı olan itləri, habelə xüsusi sukeçirməyən altlığı olan səbətlərdə, zənbillərdə, çantalarda pişikləri, digər xırda heyvanları və dibi bağlı qəfəslərdə quşları daşımaq;
  • taksi minik avtmobilinin sürücüsündən təyinat məntəqəsinə icazə verilmiş ən qısa marşrutla hərəkət etməyi tələb etmək;
  • taksi minik avtomobilində gediş üçün sifarişin rəsmiləşdirilməsi zamanı göstərilən xidmətlərin təxmini dəyəri və şərtləri barədə məlumat almaq;
  • sifarişləri qəbul edən məntəqəyə xəbər verməklə, taksi minik avtomobilinin müəyyən edilmiş vaxtda gəlməsinə ən azı 30 dəqiqə qalmış daşınma üçün edilmiş sifarişi ləğv etmək;
  • kirayə və ya gediş haqqının ödənilməsi barədə çek və ya ödəniş qəbzi tələb etmək.

Hansı şəxslər taksi minik avtomobilindən növbədənkənar istifadə edə bilər?

  • hamilə qadınlar, məktəbəqədər yaşlı uşaqlarla olan sərnişinlər və aşkar şəkildə əlillik əlamətləri olan şəxslər bu hüquqdan istifadə edə bilər.

Hansı səbəbdən daşıma həyata keçirilə bilmədikdə daşıyıcı məsuliyyət daşıyır? 

  • Avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlarda sərnişin daşımalarını yerinə yetirən daşıyıcı nəqliyyat vasitəsində yaranmış texniki nasazlıq, qəza nəticəsində və ya digər səbəblərdən daşımanı yerinə yetirə bilmədikdə, sərnişinlər daşıyıcının vəsaiti hesabına biletə, yaxud həyata keçirilmiş ödəməyəuyğun olaraq təyinat məntəqəsinə çatdırılmalı və ya bunun nəticəsində onlara vurulmuş zərər ödənilməlidir.
  • Müntəzəm sərnişin daşımaları üzrə xidmətlərdən istifadə etdikdə sərnişin etibarlı gediş sənədinə (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla),baqajın (əl yükü) daşınması ödənişli əsaslarla yerinə yetirildikdə isə daşıma haqqının ödənilməsini təsdiq edən sənədə (baqaj qəbzinə) malik olmalıdır.
  • Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı və ya bu cür daşımaların təşkilatçısı sərnişinlərə müvafiq növ daşımalar üçün müəyyən olunmuş formada biletin (gediş sənədinin) və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etməli və zərurət olduqda, baqajın (əl yükünün) daşınmasına dair baqaj qəbzini rəsmiləşdirməlidir.

Hazırladı: Aynur Məhərrəmli -hüquqşünas

Oxunub: 470