Təhsildən kənar qalmış şəxslərin təhsil alması necə tənzimlənir?

Fərdi təhsil nədir?

  • Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, eləcə də ümumi təhsil müəssisələrində hər hansı sahə üzrə xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün təyin edilmiş təhsil formasıdır.

Bu təhsil forması hansı qaydada həyata keçirilir?

  • Dərs ilinin əvvəlindən başlayaraq tətbiq edilir;
  • Təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi dərs cədvəli əsasında məktəbdə təşkil olunur;
  • Məşğələlər təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunan ayrıca tərtib edilmiş jurnalda aparılır;
  • İkinövbəli məktəblərdə ikinci növbədən sonra təşkili yolverilməzdir;
  • Həftədə 4 (dörd) gün təşkil olunur, dərs məşğələlərinin müddəti 45 dəqiqə müəyyən edilir;
  • Yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində təşkil olunur.

Uzun müddət təhsildən kənar qalmış şəxslərin fərdi təhsil formasının tənzimlənmə qaydası:

Bu kateqoriyaya hansı şəxslər aid edilir?

  1. ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar;
  2. ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən kənarda qalanlar;
  3. ibtidai təhsil səviyyəsinin 4-cü, ümumi orta təhsil səviyyəsinin 9-cu sinifləri istisna edilməklə, bu səviyyələr üzrə digər hər hansı bir sinfi bitirdikdən sonra təhsildən kənarda qalanlar.

Hansı yaş kateqoriyasında olan şəxslər üçün nəzərdə tutulub?

  • İbtidai təhsil səviyyəsində fərdi təhsilə 15, ümumi orta təhsil səviyyəsində isə 25 yaşadək olan şəxslər cəlb olunurlar.

Bu təhsil forması üçün müraciət qaydası necədir? Hansı sənədlər tələb olunur?

  • Fərdi təhsil almaq istəyən şəxslər (onların valideynləri və ya digər qanuni nümayəndələri) hər il iyul-avqust aylarında yaşayış yeri üzrə təhsil şöbəsinə (idarəsinə) təhsildən kənarda qalmasının səbəbi və hansı sinifdə təhsil alması göstərilməklə aşağıdakı sənədlər əlavə olunmuş ərizə ilə müraciət edirlər:
  • doğum haqqında şəhadətnamənin surəti;
  • yaşayış yerindən arayış;
  • 2 ədəd 3×4 ölçüdə fotoşəkil

Bəs fərdi təhsil alan şəxsin növbəti sinifə keçməsi necə müəyyən edilir?

  • Müvafiq sinif üzrə fərdi təhsil proqramlarını mənimsəyən şəxs (şəxslər) pedaqoji şuranın qərarı əsasında növbəti sinifdə təhsillərini davam etdirə bilərlər.
  • Fərdi təhsil alan şəxslərə ibtidai təhsili, yaxud hər hansı bir sinfi bitirmələri barədə məktəb tərəfindən arayış verilir.
  • İbtidai təhsil üzrə fərdi təhsilə cəlb olunanların sonrakı mərhələdə ümumi orta təhsil almaları onların arzu və istəklərinə uyğun həyata keçirilir.

Fərdi təhsilə xitam verilməsi halı mümkündürmü?

  • Proqram materiallarını mənimsəyə bilməyən, eləcə də dərs məşğələlərinə müntəzəm davam etməyən şəxslərin fərdi təhsilinə müəllimin (müəllimlərin) əsaslandırılmış təqdimatı əsasında pedaqoji şuranın qərarı ilə xitam verilir və bu barədə təhsil şöbəsinə (idarəsinə) məlumat təqdim olunur.

Bu şəxslər təhsil sənədini necə əldə edə bilərlər?

  • Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər, arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verərək bu sənədi əldə edə bilərlər.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən:

  • Ümumtəhsil məktəbinin bu və ya digər səbəbdən təhsildən kənarda qalan şagirdləri müəyyən edilmiş qaydalara əsasən ibtidai, ümumi orta və tam orta təhsil proqramları (kurikulumları) üzrə sərbəst hazırlaşıb eksternat qaydasında buraxılış imtahanı verərək, təhsil sənədi almaq hüququna malikdirlər.

Sərbəst (eksternat) təhsil nədir?

  • Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır ( Təhsil haqqında Qanuna əsasən).

Bu zamanı müvafiq buraxılış imtahanı üçün kimlər müraciət edə bilər?

  • ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət qaydası necədir?

  • Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən eksternlərin ərizələri hər ilin aprel ayı ərzində yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsində (idarəsində) qəbul olunur və qeydiyyata alınır;
  • Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur;

Qeyd: Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı (“Texnologiya”), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.

Hazırladı: Aynur Məhərrəmli – hüquqşünas

Oxunub: 327