Məişət zorakılığı nədir və hansı növləri var?

Məişət zorakılığı – yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

Məişət zorakılığından zərər çəkmiş şəxs – bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, psixi, cinsi zorakılıq hərəkətləri və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxsdir.

Məişət zorakılığının hansı növləri var?

Fiziki zorakılıq – qurbana qəsdən fiziki  təzyiqin göstərilməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması;

Psixi zorakılıq – qurbana qəsdən psixi təzyiqin göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər;

İqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – qurbanın mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılığın yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər;

Cinsi zorakılıq – qurbanın iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi;

Necə kömək almaq olar?

Əgər siz hər hansı bir şəxsin məişət zorakılığına məruz qalmasının şahidi olmusunuzsa və ya özünüz məişət zorakılığına məruz qalmısınızsa, bilməlisiniz ki, bu zorakılığın qarşısının almaq üçün resurslar mövcuddur. Siz aşağıdakıları edə bilərsiniz:

Kömək üçün müraciət edə bilərsiniz: Hüquq-mühafizə orqanlarına, ərazi üzrə yerli icra hakimiyyətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edə bilərsiniz. Onlar qurbana lazımi dəstəyi verə bilərlər.

Həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına, Vətəndaş Cəmiyyəti nümayəndələrinə, xüsusilə gender məsələləri üzrə ixtisaslaşmış Qeyri-hökumət təşkilatlarına və ictimai fəallara, mediaya  müraciət edə bilərsiniz.

Hüquqi yardım: Vəkillər Kollegiyasına və ya Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etməklə hüquqi yardım ala bilərsiniz.

Əgər ailə üzvünüz, birgə yaşadığınız şəxs sizi narahat edirsə, siz mühafizə orderi ala bilərsiniz.

Qısa müddətli mühafizə orderi – yerli icra hakimiyyəti orqanı tərəfindən 60 gün müddətinədək verilir.

Yerli icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.

Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Uzun müddətli mühafizə orderi – rayon (şəhər) məhkəməsi tərəfindən 60 gündən 180 günədək müddətə verilir.

Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

– məişət zorakılığının təkrar törədilməsi;

– zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;

– zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

Uzunmüddətli mühafizə orderində yuxarıdakılardan əlavə aşağıdakılar da nəzərdə tutula bilər:

– məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

– yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

– zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

– mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

Unutmayın

Məişət zorakılığı gizli qalmalı deyil. Bu, ailənin şəxsi məsələsi deyil, ümumi cəmiyyət problemidir. Məişət zorakılığının şahidi olmusunuzsa, dərhal reaksiya göstərin, aidiyyəti qurumlara müraciət edin. Sizin və ya cəmiyyətin bu zorakılığa biganə qalması daha ağır nəticələrə səbəb ola bilər.

MÜRACİƏTLƏR ÜÇÜN KOORDİNATLAR

Baş Prokurorluq – Çağrı mərkəzi: 961

Daxili İşlər Nazirliyi – Zəng mərkəzi: 102

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti: (012) 860

Tel: (+994 12) 498 00 92

Ombudsman Aparatı Çağrı Mərkəzi: (012) 916 

Vəkillər Kollegiyası – Qaynar xətt: + 994 12 594 08 70

Tel: +994 12 594 14 95

SIĞINACAQLAR:

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacağı – Qaynar xətt: 142

Tel: 012 596 50 34

Oxunub: 407