“Təhsil haqqında” qanuna edilən dəyişikliklər haqda

2018-ci ildə “Təhsil haqqında” Qanuna bir sıra dəyişikliklər edildi. Həmin dəyişikliklərdən əsas bir qismi aşağıda qeyd edilir:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.

2. Təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.

4. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

5. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

6. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:

• fəlsəfə doktoru (elm sahələri göstərilməklə)

• elmlər doktoru (elm sahələri göstərilməklə)

7. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir.

Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:

• dоsent;

• professor.

8. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

9. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

10. Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

• məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

• ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

• fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

11. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:

• hamilə qadınlar;

• uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

• ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

• azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Oxunub: 984