Tibbi sığorta nədir?

Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığortalı, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olan şəxslərdir.

İcbari tibbi sığorta sistemində sığortalılar:

• işləməyən vətəndaşlar üçün – müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları;

• işləyən vətəndaşlar üçün – mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Könüllü tibbi sığortada sığortalılar – vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi şəxslərdir.

Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər daxildirlər.

Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir.

Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.

Tibbi sığorta müqaviləsi – qanunvericilikdə müəyyən olunmuş qaydada sığortalı tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.

Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.

Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.

İcbari və könüllü tibbi sığorta müqaviləsinin subyekti olan vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar.

Tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə olur və tibb müəssisəsinə müraciət edərkən təqdim olunur.

Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tibbi sığorta sistemində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.

Azərbaycan Respublikasında əcnəbilər tibbi sığorta sahəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.

İcbari tibbi sığorta sistemində sığortalılar işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir.

İşləməyən pensiyaçılar, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir.

Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini (baza zərfini) müəyyən edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur.

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır:

• tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək;

• tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;

• profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;

• icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

• tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;

• sığortalı, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;

• könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.

Sığortalının hüquqları aşağıdakılardır:

• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;

• könüllü tibbi sığorta təşkilatını sərbəst seçmək;

• tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;

• sığortalının vəzifələri aşağıdakılardır;

• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icbari tibbi sığorta müqaviləsi bağlamaq;

• icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək;

• sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək;

Benefisiar.org

Oxunub: 1658