Mülkiyyət əleyhinə olan inzibati xətalar

Ümumiyyətlə inzibati xəta dedikdə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) nəzərdə tutulur. Həmin əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

Müxtəlif ictimai münasibətlər üzrə inzibati xətalar yarana bilər. Bunların sırasına mülkiyyət münasibətləri də aid edilir.

Mülkiyyət əleyhinə olan inzibati xətalara xırda talama, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, su obyektləri üzərində mülkiyyət hüququnun pozulması, heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi, mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulması, təsərrüfat əkinlərinin korlanması ilə yaranan əməllər aid edilir.

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Bu əmələ görə hal-hazırda qüvvədə olan qanunvericiliyə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə-fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə-fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə-fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə-xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Hazırladı: Sevinc Qulyeva

Oxunub: 1421