Harada siqaret çəkə bilmərəm?

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna əsasən tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

• təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

• səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

• restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

• ticarət obyektlərində;

• idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

• məişət obyektlərində;

• sosial xidmət müəssisələrində;

• teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

• uşaq meydançalarında;

• yerüstü qapalı və yeraltı piyada keçidlərində;

• müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

• metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

• hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində

• hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

• liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

• taksofonlarda;

• yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

Belə bir sual yaranır. Yuxarıda qeyd olunan yerlərdə tütündən istifadə etsək, bizi hansı məsuliyyət gözləyir?

Bu sualın cavabı İnzibati Xətalar Məcəlləsinə əsasən tənzimlənir. Belə ki, yuxarıda qeyd olunan məkanların bəzilərində tütün istifadəsinə görə fərqli cərimələr nəzərdə tutulub:

1) Hava nəqliyyatında tütün çəkməyə görə 100 manat məbləğində cərimə edilir.

2) Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə 40 manat məbləğində cərimə edilir.

3) Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkməyə görə 50 manat məbləğində cərimə edilir.

4) Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə 40 manat məbləğində cərimə edilir.

5) Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Yerdə qalan digər məkanlarda tütün çəkilməsinə görə 30 manat məbləğində cərimə edilir.

Hazırladı: Sevinc Quliyeva

Oxunub: 905