Gömrük ödənişləri hansılardı?

Gömrük ödənişləri Gömrük Məcəlləsində, Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınır.

Gömrük ödənişləri aşağıdakılardır:

-gömrük rüsumları;

-əlavə dəyər vergisi ;

-aksizlər;

-yol vergisi;

-gömrük yığımları;

-haqq;

-dövlət rüsumu.

Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər Gömrük Məcəlləsi ilə tənzimlənir.

Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi mallara “Gömrük tarifi haqqında” qanununda və Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müvəqqəti olaraq mövsümi rüsumlar tətbiq oluna bilər.

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri sadələşdirilmiş qaydada alınır. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Bu elektron avadanlıqlar gömrük rüsulmarının dərəcələrini malların adları və ya kodları üzrə axtarışının asanlıqla həyata keçirilmək üçün quraşdırılır.

Gömrük rüsumları

Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və rəsmi internet saytlarında yerləşdirilir.

Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” qanununa uyğun olaraq tənzimlənir.

Gömrük rüsumlarının növləri

“Gömrük tarifi haqqında” qanununa uyğun olaraq aşağıdakı növ gömrük rüsumları tətbiq edilir:

advalor – malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan;

spesifik – malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;

kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan.

Gömrük orqanları tərəfindən aşağıdakı vergilər alınır:

Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları tərəfindən göstərilən vergilər alınır. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar Gömrük Məcəlləsi və Vergi Məcəlləsi ilə tənzimlənir.

Alınan vergilər aşağıdakılardır:

-Əlavə dəyər vergisi

-Aksizlər

-Yol vergisi

Gömrük yığımları

Gömrük yığımlarına aşağıdakılar aiddir:

-gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları;

-gömrük müşayiətinə görə gömrük yığımları;

-malların saxlancına görə gömrük yığımları;

-gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar;

-bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar.

Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları

Gömrük orqanları gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən aşağıdakıların yerinə yetirilməsinə görə gömrük yığımları alırlar:

-malların gömrük rəsmiləşdirilməsinə;

-gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına;

– malların gömrük nəzarəti altında məhvinə.

– mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları ikiqat məbləğdə alınır.

Benefisiar.org

Oxunub: 2052