İpoteka krediti: şərtlər və prosedurlar

İpoteka borclunun mövcud imkanların və gələcəkdə ehtimal edilən gəlirlərinin qarşılığında əldə etdiyi yaşayış mənzilinin birbaşa dövlət və yaxud banklar tərəfindən maliyyələşdirilməsini ifadə edən iqtisadi termindir.

İlk olaraq ipoteka krediti almaq istəyən vətəndaş kreditin hansı mənbələrdən alınacağını müəyyən etməlidir. Belə ki, ipoteka kreditləri verilmə şərtləri və maliyyənin təmin edilməsi mənbəyi baxımından üç əsas hissəyə ayrılır.

1. Güzəştli ipoteka. 2. Adi ipoteka. 3. Kommersiya ipotekası.

Adi və güzəştli ipoteka kreditləri dövlət büdcəsi, Azərbaycan İpoteka Fondunun aktivlərinin idarə edilməsi və sair rəsmi mənbələrdən formalaşdığı halda, kommersiya ipotekası istənilən bank və ya kredit təşkilatının öz vəsaiti hesabına formalaşır.

Kreditlərin verilməsi şərtləri:

1. Kredit Azərbaycan manatı ilə ancaq Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

2. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;

3. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

4. Güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;

5. Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;

6. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;

7. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;

8. Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

9. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

10. İpoteka ilə yüklü edilən yaşayış sahəsi AİF və digər rəsmi mənbələr tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

11. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

12. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

13. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərt ilə sığortalanmalıdır;

14. Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;

15. İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;

16. İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;

17. Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;

18. Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;

19. İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;

20. İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;

21. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;

22. Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

• Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

• Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

• Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

• Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

• Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

• Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

• İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

2. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

3. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

5. 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan ( müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular daxil deyil ), həmçinin də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;

6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:

• Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edənsənəd və sənədin surəti;

• Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə(sənədin surəti);

• Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti);

• Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti);

• Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti;

• Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.);

• İpoteka predmetinin qiymətləndirmə aktı.

İpotekanın rəsmiləşdirilməsi üçün tələb edilən sənədlər:

• İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda);

• İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsinivə məhdudiyyət olmadığını təsdiq edən sənəd;

• İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış;

• İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədən kənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsindəsəlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.

İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

• İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;

• Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetininsığortalanmasının və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər;

• Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin sürəti;

• Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədlər.

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:

• Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti);

• Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

• Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər;

• Güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməli və təqdim edilən sənədlərin hər birinin surəti notarial qaydada təsdiq edilməldir.

İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:

1. Kredit üçün müraciət – İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsi ilə verilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.

2. Kreditin anderraytinqi – bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyyətinin, həmçinin ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Nəticədə, müvəkkil bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.

3. İpoteka kreditinin rəsmiləşdirilməsi – bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır.

4. Kreditin verilməsi.

5. Kredit üzrə öhdəliklərin icrası – müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.

İpoteka kreditini ailə üzvləri və yaxın qohumlar birgə qaydada da əldə edə bilərlər. Bu zaman onlar “birgə borcalan” adlandırılır. Əgər şəxsin əmək haqqı kreditin geri qaytarılmasına kifayət etmirsə bu zaman ailənin digər üzvü və ya üzvləri kreditin geri qaytarılması haqqında bank qarşısında öhdəlik götürə bilər ki, bu da onların birgə problemi sayılan mənzil məsələsinin həllinə kömək edər.

İpoteka krediti almaq üçün hara müraciət etmək lazımdır?

İpoteka kreditinin alınması üçün bütün müraciətlər yalnız elektron şəkildə qəbul edilir. Bunun üçün tərəfinizdən elektron və ya asan imza sertifikatı əldə edərək www.e-gov.az portalında yerləşən “Elektron ipoteka” sistemi vasitəsilə elektron kabinet yaratmağınız tələb olunur. Daha sonra Siz elektron kabinetinizə daxil olub ipoteka krediti üçün elektron şəkildə müraciət edə bilərsiniz.

Ümumi olaraq, ipoteka prosesi zamanı yaranan xərclər təxminən 580-830 AZN arasında dəyişə bilər. Xərclərin dəyişməsinə səbəb ipoteka krediti müraciət və sənədləşmənin Bakı şəhəri və regionlarda olması, həmçinin kreditin məbləğindən asılı olaraq dəyişir. Sadaladığımız prosedur qaydalarını yerinə yetirdikdən sonra kredit sizin adınıza ayrılır. Bundan sonrakı mərhələ ipoteketdirilən mənzil dəyərinin kredit təşkilatının ödəmədiyi məbləği mənzil sahibinin adına köçürmək olur. Yəni, ilkin ödənişi bank yolu ilə ödəmiş olursan və digər hissə isə əldə olunan kredit hesabına ödənilir. Beləliklə mənzil sənin adına sənədləşdirilmiş olur. Baxmayaraq ki, əmlak bankda kreditin girovu olaraq qeydə alınıb, sən mənzilin mülkiyyətçisi olursan. Bəzən insanlar düşünür ki, sadəcə ödəniş bitdikdən sonra mülkiyyətçi hüququ əldə edir.

Benefisiar.org

Əvvəlki məqaləYeni qaydalar imtahan vermiş abituriyentlərə də şamil olunacaq
Növbəti məqaləVətəndaşlar hansı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməzlər?