Bağışlama müqaviləsinin anlayışı Mülki Məcəllənin-nin 666-cı maddəsində aşağıdakı kimi verilib:
- Bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən (bağışlayan) əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləşdirilmir.
- Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
- Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
- Bağışlama müqaviləsindən verilən anlayışdan belə görünür ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir. Lakin bütün hallarda bağışlama müqaviləsinə əvəzsiz müqavilə demək olmaz. Çünki Mülki Məcəllənin 670-ci maddəsinə görə bağışlama müqaviləsi hədiyyə alan tərəfindən müəyyən öhdəliklərin (müəyyən hərəkətlərin) yerinə yetirilməsi ilə də bağlana bilər. Belə olan halda hədiyyə alanın üzərinə vəzifə qoyulur, bu zaman bağışlama müqaviləsi əvəzli olur. Hədiyyəverən öldükdən sonra bağışlama müqaviləsi üzrə şərtlərin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
Bağışlama predmetinə nələr daxildir?
- Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
- Fəaliyyət qabiliyyətli şəxs öz əmlakını o halda bağışlaya bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
- Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər.
- Vətəndaşlara öz işlədikləri müəssisədə verilən müxtəlif pul mükafatları, göstərilən yardım, əmlak xarakterli digər ödənişlər bağışlama müqaviləsinin predmetinə aid deyil. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama hesab olunmur. Məsələn: atanın övladının əvəzinə borcu ödəməsi bağışlama hesab olunmur və öhdəliklərin 3-cü şəxs tərəfindən ödənilməsi hesab olunur.
Bağışlama aşağıdakı hallarda etibarlıdır:
- daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
- rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
- daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
- tələblərin və digər hüquqların bağışlanması zamanı onlar Mülki Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;
- gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
Bağışlama müqaviləsi bağlanarkən icra edilirsə və əgər müqavilənin predmeti daşınar əşyadırsa, şifahi formada bağlanır. Rəsmi reyestrdə qeydə alınması tələb olunan daşınar əşyaların və daşınmaz əşyaların bağışlanması isə notarial qaydada təsdiqlənməli və dövlət reyestrində qeydiyyata alınmalıdır. Bağışlama vədi ilə bağlanan bağışlama müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.
Dövlət rüsumunun məbləği aşağıdakı kimidir:
Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 25 mаnаt, хidmətə görə tutulаn hаqq – 3, 75 mаnаt
Müqаvilə üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:
Bаkı şəhərində – dövlət rüsumu 280 mаnаt, хidmətə görə tutulаn hаqq 42 mаnаt, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 196 mаnаt, хidmətə görə tutulаn hаqq 29,40 mаnаt.
Digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 140 mаnаt, хidmətə görə tutulаn hаqq 21 mаnаtdır.
Benefisiar.org