Şəhid ailəsinin üzvlərinə hansı təminatlar nəzərdə tutulub?

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

• ər-arvad;

• valideyn;

• 18 yaşına çatmamış uşaqlar;

• 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

• qardaşlar və bacılar;

• uşaq evlərində tərbiyə olunanlar;

• peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:

1. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq şəhid ailəsi üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır;

Şəhidlərin ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır.

2. Şəhidin hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir;

Həmin aylıq müavinət 2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 21 (iyirmi bir) manat məbləğində müəyyənləşdirilmişdir.

3. İşçilərin sayı və ya ştat ixtisarı edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;

4. Mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;

Kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.

5. Həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;

6. Dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;

7. Tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. Belə ki, bu statusu almış ailə üzvləri sırasında işləyənlər iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunurlar.

Onu da qeyd edək ki, şəhid ailəsi üçün 2006-cı il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsis olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2019-cu il fevral ayının 1-dən 300 (üç yüz) manat müəyyən edilmişdir.

Bundan başqa şəhid ailəsinə təyin olunan 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilir.

Bütün bunlarla yanaşı qüvvədə olan qanunvericiliyə müvafiq olaraq respublika hökumətinin müəyyənləşdirdiyi qaydada şəhid ailələri yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsi ilə təmin olunurlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda (kredit), yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.

Benefisiar.org