Bu şəxslərə 224 manat veriləcək

Sosial yardımın təyin olunması və ya məbləğinin dəyişdirilməsi üçün ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat veriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 10-cu maddəsinin ( Sosial yardım almaq hüququna yenidən baxılması) 10.1-ci bəndinə dəyişiklik edilir.

Dəyişikliklə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

Ünvanlı dövlət sosial yardım (ÜDSY) – dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən vəsaitdir. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı isə ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunur.

Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 160*4=640 manat təşkil edir. Bu halda ailəyə 640-400=240 manat məbləğində ÜDSY təyin edilə bilər.

Dövlətdən sosial yardımı hansı ailələrin alma hüququ var?

Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan (2020-ci ildən ehtiyac meyarının həddi 160 manat təşkil edir) aşağı olan aztəminatlı ailələr ÜDSY almaq hüququna malikdirlər.

Orta aylıq gəliri onlardan asılı olmayan səbəblər dedikdə aşağıdakı hallar nəzərdə tutulur:

  • Şəxsin əlil olması;
  • Şəxsin əmək pensiyaçısı olması;
  • Şəxsin birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
  • Şəxsin 23 yaşadək əyani təhsil alması;
  • Şəxsin Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
  • Şəxsin azadlıqdan məhrum edilməsi.

ÜDSY təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır və onlara görə ÜDSY ödənilmir:

  • tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
  • müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
  • cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
  • axtarışda olan şəxslər;
  • Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
  • əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

Necə müraciət etməli?

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:

Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.
Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) ƏƏSMN-nin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) müraciət edir.

Vətəndaşlar tərəfindən “Ərizə-bəyannamə” doldurulan zaman diqqət edilməli məqamlar:

  • Ailə tərkibinin düzgün göstərilməsi;
  • Yaşadığı ünvanın düzgün göstərilməsi;
  • Ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsi;
  • Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə mütləq şəkildə məlumat verilməsi;
  • Torpaq pay mülkiyyəti olduqda, bu barədə mütləq şəkildə məlumat verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi;
  • Qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi.

Bəs ÜDSY təyin olunmasından hansı halda imtina edilir?

Qanunun mövcud varinatında isə sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Əvvəlki məqaləPrezident vətəndaşlara icra başçıları ilə bağlı müraciət etdi
Növbəti məqaləVəkillər istintaq təcridxanalarına arayışsız buraxılacaq