Ölən şəxsin ailə üzvlərinin kompensasiya almaq hüququnun olub-olmamasına aydınlıq gətirib

Konstitusiya Məhkəməsi Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair qərar verib.

APA-nın məlumatına görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Mülki Məcəllənin 21.1 və 23-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin müddəaları baxımından şərh edilməsini xahiş edib.

Müraciətdə şəxsin ölməsi nəticəsində onun bütün ailə üzvlərinin mənəvi zərərə görə kompensasiya almaq hüququnun olub-olmaması, belə halda daha kimlərin kompensasiya almaq hüququnun olması, eləcə də ölmüş şəxsin ailə üzvlərindən birinin mənəvi zərərə görə kompensasiya aldığı halda, digər ailə üzvlərinin kompensasiya tələblərinin hansı qaydada həll edilməli olması məsələlərinə aydınlıq gətirilməsinin zəruri olduğu qeyd edilib. Həmçinin Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə istinad edilərək, ailə üzvünün ölümü ilə əlaqədar mənəvi zərərin ödənilməsini tələb etmək hüququnun vərəsəlik subyektləri ilə bağlılığının olub-olmasının müəyyənləşdirilməsi məsələsi də qaldırılıb.

Müraciətdə göstərilib ki, Ə. Mirzəyeva həyat yoldaşı B.Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı idarəsinin Cəlilabad Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində usta işləyən N.Həsənovun təqsiri üzündən 14 dekabr 2014-cü il tarixində evin hamam otağında qaz sızmasından yaranmış partlayış nəticəsində vəfat etdiyindən “Azəriqaz” İB-ə qarşı dəymiş mənəvi zərərə görə 900 min manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi onunla əsaslandırılıb ki, cavabdehin işçisinin hüquqazidd əməli nəticəsində Ə.Mirzəyevanın ailə başçısını itirməsi, stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona maddi və mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməlidir.

Müraciətə əlavə edilmiş hökmün surətindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində mərhum B.Mirzəyevin birinci nikahdan olan oğlu N.Mirzəyev tanınıb. Onun “Azəriqaz” İB-ə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək “Azəriqaz” İB-dən 20 min manat məbləğində pulun tutulması qət edilmiş və qətnamə qanuni qüvvəyə minib. Müraciətdən Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən hüquq normasının olmaması və məhkəmələrdə belə mübahisələrin həlli zamanı qeyri-müəyyənliyin yarandığını nəzərə alaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qaldırılan məsələ üzrə müvafiq şərhin verilməsinin zəruriliyi qənaətinə gəlib.

Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Əvvəlki məqaləKoronavirusa görə bu şəxslər cəzalandırılacaq
Növbəti məqaləBu işçilər məzuniyyətə çıxarkən müavinət alacaqlar